Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tarix

Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Müasir azərbaycanlıların əcdadları müxtəlif sivilizasiyalara və mədəniyyətlərə mənsubluq elementlərini çox ahəngdar şəkildə özlərində cəmləşdirmişdir. Qədim dövrə aid bir sıra arxeoloji və memarlıq abidələri zamanın keşməkeşlərindən salamat çıxaraq zəmanəmizə qədər qalmışdır.


Xalqın mənəvi aləminin maddi təcəssümü olan qədim qaya təsvirləri, yazılar, manuskriptlər, xalça naxışları həssas qəlbli, mədəni şüura, elm adamlarına, insanlara çox şeydən xəbər verir. Azərbaycanın çox qədim mədəniyyətə malik bir ölkə olması barədə dərin təəssürat yazılı və şifahi tarixin çoxsaylı faktlarına söykənir. Uzaq keçmişdə Azərbaycana köçüb gəlmiş Oğuz tayfaları burada zəngin yerli mədəniyyətlə qarşılaşmışlar. Bu görüş əsrlər boyu mədəniyyətlərin sintezinə səbəb olmuş, “Kitabi-Dədə-Qorqud”, “Oğuznamə”, “Koroğlu” kimi epik-monumental yaradıcılıq nümunələrində əks olunmuşdur.


Azərbaycan dünyaya neçə-neçə mütəfəkkir, alim, şair, memar, musiqiçi və rəssam bəxş etmişdir. Odun-atəşin, Günəş işığının qüvvəsini tərənnüm edən bənzərsiz Zərdüşt bu diyarda doğulmuşdur. Azərbaycan bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Əliağa Vahid kimi sənətkarların əsərlərini bəxş etmişdir.


Bu diyarın təbiəti, onun insanları Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və başqa istedadlı fırça ustalarının əsərlərində öz təcəssümünü tapmışdır.


Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarlar, ecazkar səsə malik olan Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov və başqa müğənnilər muğamlardan, musiqi folklorundan bəhrələnmişlər.


Azərbaycan xalçaları xalqımızın tarixi məişəti və varlığının əsl xəzinəsi, mənalar semantikası və rəmzlər semiotikasıdır. Onlar zaman və məkan sərhədi tanımır, dünyanın bir sıra ölkələrinin muzeylərində bu xalçalara rast gəlmək olar. Həmin muzeylərdə keramika, ipək və ağacdan hazırlanmış dekorativ sənət nümunələri də saxlanılır.


Azərbaycan elmi və maarifinin çoxəsrlik tarixi var. 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi Azərbaycan xalqının ictimai şüurunda unudulmaz mərhələlərdir. Onlar vətənpərvərlik hissləri tərbiyə edir ki, bu da Azərbaycan dövlətçiliyinin yeni keyfiyyət kəsb etdiyi bir dövrdə çox mühüm amildir. Ölkəmizin alimlərinin indiki nəsli sələflərinin zəngin yaradıcılıq təcrübəsini mənimsəmişdir və indi sosial-humanitar elmlər və təbiət elmləri problemlərinin geniş spektri ziyalılarımızın diqqət mərkəzindədir. Azərbaycan elminin prioritetləri sayılan Xəzərin, kosmosun öyrənilməsi, insan beyninin sirləri və başqa məsələlər innovasiya strategiyasının həyata keçirilməsində Azərbaycan dövlətinin həlledici rol oynadığını dərk edən dövlət xadimlərinin diqqət mərkəzindədir.


Onlarca ali məktəb və texnikum, minlərlə məktəb, kollec və lisey, çoxsaylı dini məktəbləri – bunlar Azərbaycanın müasir təhsil sisteminin fenomenləridir. Bu sistem müasir dünyada təhsilin müstəsna rolunu nəzərə alan dövlətin daim qayğısına ehtiyac duyur.


Dövlət və ictimai əhəmiyyətli ən vacib problemlərdən biri də Azərbaycanın müxtəlif regionlarının və Xəzərin ekologiyası ilə bağlıdır. Ölkədə onlarca qoruq zonası yaradılmışdır – Qızılağac, Şirvan, Zaqatala, Ağgöl, Hirkan və başqaları.


XX yüzillikdə Azərbaycan kənd təsərrüfatının – müasir elmi texnoloji nailiyyətlərə əsaslanan pambıqçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlığın inkişafında xeyli uğur qazanmışdır.


Sənayeləşdirmə fəlsəfəsinin və praktikasının məhsulu olan Azərbaycan iqtisadiyyatı, haqlı olaraq, millətin qürur yerinə çevrilmişdir. Onilliklər boyu neftçıxarma, neftkimyası və neftayırma sahələri müasir sənayenin nümunələri olmaqla yanaşı, həm də insani münasibətlərlə bağlı problemlərin qoyuluşu və həlli nümunələri olmuşdur.


XX əsrin əvvəlində bütün dünyada çıxarılan neftin yarıdan çoxu Bakı neft rayonunun payına düşürdü. Məhz neftin sayəsində Bakı Avropanın və Amerikanın ən gözəl şəhərləri səviyyəsinə çıxmışdı. Neft Eldoradosu Avropanın, Rusiyanin və Şərqin istedadlı memarlarını buraya cəlb edirdi. Beləliklə, Bakının bənzərsiz simasında qotika, barokko, “Mavritaniya” üslubu və Abşeron memarlıq məktəbinə xas olan möhtəşəm sadəlik birləşmiş, nəticədə Bakı “eklektikası” yaranmışdır.


Çox böyük həcmdə iqtisadi, sosial, mədəni və insan kapitalı çoxmillətli Bakının təkrarsız və bənzərsiz həyat tərzini yaratmışdı. Əsrlərin qovuşuğunda xeyriyyə cəmiyyətləri və maarif ocaqları təsis edilməyə başlandı. Bu cəmiyyətlərin vəsaiti işləri uğurla gedən neft sənayeçilərinin və ticarətçilərin ianələrindən ibarət idi. Onları buna sövq edən isə yaxşılıq və mərhəmət barədə tövsiyyələrlə dolu olan islam və xristian dəyərləri idi.


Onu da xatırlatmaq lazımdır ki, bütün dünyada məşhur olan Nobel mükafatı fondunun təməli məhz Bakıda qoyulmuşdur. Mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı xalqın yaddaşında həmişəlik qalmışdır. Xeyriyyəçilik işində Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da mühüm rol oynamışlar. Bu insanların pulu ilə yeni ictimai binalar tikilmiş, gimnaziyalar və ibtidai məktəblər açılmış, milli teatr inkişaf etmiş, səhiyyə və maarif xidmətləri genişlənmiş, parklar salınmış, şəhərin su təchizatı yaxşılaşmışdır. Mesenatlar istedadlı gəncləri Rusiyanın və Avropanın qabaqcıl universitetlərində təhsil almağa göndərirdilər.

Keçidlər