Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə daha iki kəndə təbii qaz verilmişdir.

25 noyabr 2015 | 16:00

Qəbələ rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrələrini verməkdədir. Noyabrın 25-də rayonun Tüntül və Yengicə kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmiş və bu münasibətlə təntənəli mərasim keçirilmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, Ağsu Regional Qaz-İstismar İdarəsinin rəisi Eldar Səlimzadə, idarənin Qəbələ Xidmət Sahəsi üzrə rəis müavini Sübhi Bayramov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Tüntül kəndinə 56.712 paqonometr müxtəlif ölçülü daşıyıcı və paylayıcı qaz borusu çəkilmiş, 685 sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Yengicə kəndinə isə 12.874 paqonmetr müxtəlif ölçülü daşıyıcı və paylayıcı qaz xətti çəkilərək, 128 sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Tüntül kəndində keçirilən toplantını giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev açmışdır. O, qeyd etmişdir ki, ölkə başçısı İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarında respublikamızın bütün yaşayış məntəqələrinin mərhələlərlə qazlaşdırılması qarşıya məqsəd qoyulmuşdur. Bunun bariz nəticəsi olaraq Qəbələ rayonunun digər qəsəbə və kəndlərində də bu gün qaz çəkilişi sürətlə davam etdirilir. Hazırda “Azəriqaz” İB tərəfindən rayonun Bum, Nic, Qəmərvan, Həmzəli, Mirzəbəyli və Corlu kəndlərində montaj işləri uğurla həyata keçirilir. İstehsalat birliyi tərəfindən Nic, Bum qəsəbələrində, Qəmərvan və Mirzəbəyli kəndlərində də əhalinin ilin sonuna kimi təbii qazla təmin olunması nəzərdə tutulur. Sonra kənd sakinləri çıxış edərək Prezident İlham Əliyevə onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.  Rəsmi açılış mərasimində təbii qazı rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev və Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə alovlandırmışdır. Mərasimə toplaşanlar alovlanan məşəli sürəkli alqışlarla qarşılamışlar.  Qonaqlar Tüntül kənd sakini Radil Quliyevin evində mavi alovun yandırılmasında iştirak etmişlər və bu ailəyə xoş güzəran, uğurlu həyat arzulamışlar.

Keçidlər