Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının 9-cu Zirvə toplantısı işinə başlayıb.

07 avqust 2015 | 01:00

Toplantı iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər-çiçək qoyaraq müasir Azərbaycan dövlətinin qurucusuna olan dərin ehtiramlarını ifadə ediblər.  Daha sonra “Qafqaz Riverside” hotelin konfrans zalında təşkil olunan tədbirdə Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov zirvə toplantısına qatılan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ağsaqqallar Şuralarının sədrlərini və Türk Parlament Assambleyasının rəsmilərini salamlayaraq bildirib ki, Türkdilli ölkələrin əməkdaşlığı istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter almaqda, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır. Artıq nəticəsini verən bu təşəbbüslər türkdilli dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir mərhələsinin başlaması ilə də xarakterizə olunur. Bu səpkidə görülən işlərin, həyata keçrilən tədbirlərin nəticələri və perspektivdə atılacaq addımların nədən ibarət olacağı türk dövlətlərinin birgə fəaliyyətinin koordinasiya olunmasında yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində də daim əsas müzakirə predmetləri sırasında yer alır.
Zirvə toplantısında iştirak edən digər ölkələrin nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildiriblər.
Zirvə toplantısında Türk Akademiyası tərəfindən orta məktəbin 8-ci sinif şagirdləri üçün hazırlanan “Ortaq türk tarixi” dərslik proqramını, Türk Akademiyası tərəfindən hazırlanan Türk Dövlətlərinin inteqrasiya konsepsiyasını, 2015-2020-ci illəri əhatə edən “Türk tarixi” dərsliyinin və “Ortaq coğrafiya” kitabının Türk Akademiyası tərəfindən hazırlanmasına dair müzakirələr aparılıb. Həmçinin 11 sentyabr 2015- ci ildə Qazaxstanda keçiriləcək “İnformasiya və Media İşbirliyi” Türk Toplusu 5-ci zirvə toplantısından əvvəl və sonra informasiya və mediadan  sorumlu nazirlərin görüşünün keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diasporalarının regional mərkəzlərinin ABŞ, Fransa və Almaniyada qurulması, birgə fəaliyyət göstərmələri və bir mərkəzdən idarə olunmaları istiqamətində fikir mübadiləsi aparan ağsaqqallar həmçinin üzv ölkələrdə keçiriləcək prezident və parlament seçkilərində Türk PA-nın missiyası tərəfindən müşahidəçilərin seçkini izlməsi məsələlərini də diqqətdə saxlayıblar. Zirvə Toplantısında həmçinin “Qardaş limanlar” 2-ci toplantısının bu il ərzində Bakıda keçirilməsi eləcə də üzv ölkələr arasında Türk Şurası himayədarlığı altında alternativ enerji və informasiya, kommunikasiya texnologiyaları sahələrində  nəzərdə tutulan yeni işbirliyi layihələri haqqında müzakirələr aparılıb.
Zirvə Toplantısının sonunda nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunub. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.

Keçidlər