Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə keçirilən möhtəşəm Muğam axşamında səsləndirilən milli musiqimiz tamaşaçılara unudulmaz xoş anlar yaşadıb.

30 iyul 2015 | 12:00

İyul ayının  25-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir. Səkkiz ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli musiqiçilərlə yanaşı gənc ifaçılar da səhnəyə çıxırlar.
Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi bir musiqi bayramı kimi dünyada tanınan Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir. Yerli və xarici musiqisevərlər festivalın proqramına uyğun olaraq iyulun 29-da açıq havada keçirilən muğam axşamına xüsusi önəm veriblər.
Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi Muğam Televiziya Müsabiqəsinin iştirakçıları olan tanınmış xanəndələr- “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində II Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov, bir sıra müsabiqələrin mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Arzu Əliyeva, Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam Televiziya Müsabiqəsi-2011”-də üçüncü yeri tutan Nigar Şabanova, 2007-ci ildə keçirilən “Muğam müsabiqəsi”ndə II yerə layiq görülən Abgül Mirzəliyevin çıxışı böyük marağa səbəb olub.
Muğam ifaçılarını tarda əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, Prezident Mükafatçısı Sahib Paşazadə, kamançada bir sıra müsabiqələrin iştirakçısı, Azərbaycan Milli Konservatoriyasınn müəllimi Toğrul Əsədullayev və nağarada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvü Emin Cəbrayılov müşaiyət edib. İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını, muğamları və təsnifləri məharətlə ifa ediblər. Ümumilikdə 1500-ə yaxın tamaşaçının iştirakı ilə iki saat davam edən konsert alqışlarla başa çatıb.

Keçidlər