Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bakıda həyata keçirilən “Bölgələrdən paytaxta” adlı layihənin növbəti təqdimatı Qəbələyə həsr olunmuşdur.

03 mart 2015 | 16:00

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etmək məqsədini qarşıya qoymuşdur. Proqram çərçivəsində növbəti tədbir Qəbələyə həsr olunmuşdur.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilmişdir. İzdihamlı təqdimat mərasiminə paytaxt ziyalıları, Respublika Ağsaqqallar Şurasının sədri millət vəkili Fəttah Heydərov və Bakı şəhərində yaşayan qəbələlilər qatılmışlar. Tədbir iştirakçıları əvvəlcə Qəbələ rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ-tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə tanış olmuşlar.
Sonra tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin regionlara da öz müsbət təsirini göstərdiyini bildirmişdir. Nazir qeyd etmişdir ki,dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının qəbul olunması və icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilmiş, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülmüşdür. O, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkilinin artıq ənənə halını aldığını vurğulamışdır. Əbülfəs Qarayev çıxışında Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə il boyu Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının “Bölgələrdən paytaxta” adlı mədəni tədbirlərinin təşkil olunacağına diqqət çəkmiş, bu təqdimatların hər bir regionun qədim tarixinin, ənənələrinin, incəsənət nümunələrinin daha geniş formada tanıdılmasına, yeni-yeni istedadların üzə çıxarılmasına, və Azərbaycan mədəniyyətinin inkişafına töhfələr verəcəyini söyləmişdir.
Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illər rayonda reallaşan layihələrdən, həyat keçirilən işlərdən, bölgənin inkişafı naminə icra edilən əhəmiyyətli proqramlardan söz açmışdır. Səbuhi Abdullayev çıxışında ölkəmizdə milli mənəvi dəyərlərin, adət və ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmiş, “Bölgələrdən paytaxta” adlı yeni layihənin respublikamızın hər bir guşəsində olduğu kimi, Qəbələdə də böyük ruh yüksəkliyi ilə qarşılandığını bildirmişdir.
Natiq ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyət və turizm işi ilə də bağlı uğurlu islahatların həyata keçirildiyini və Qəbələ rayonunda bu istiqamətdə xeyli işlər görüldüyünü, eləcə də bir sıra beynəlxalq tədbirlərə- forumlara, sammitlərə, beynəlxalq musiqi festivallarına və idman yarışlarına ev sahibliyi missiyasının yerinə yetirildiyini diqqətə çatdırmışdır.
Rayonda dünya standartlarına cavab verən otellər komplekslərinin, idman-istirahət mərkəzlərinin, turizm infrastrukturunun yaradıldığını deyən Səbuhi Abdullayev ötən il bölgəyə 50 minə yaxın turistin gəldiyini söyləmişdir. Rəsmi hissənin yekununda mədəniyyət nazirliyinə və rayon icra hakimiyyətinə xatirə hədiyyələri təqdim olunmuş, Qəbələnin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Gecədə rayonun musiqi kollektivləri və incəsənət ustaları geniş proqramla çıxış etmiş və iştirakçıların sürəkli alqışlarını qazanmışlar.Tədbir tamaşaçılarda xoş təəssürat yaratmışdır.

Keçidlər