Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə II Mürəbbə Festivalı keçirilmişdir.

25 avqust 2014 | 03:00

Avqustun 24-də rayonda II Qəbələ Mürəbbə Festivalı keçirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm  Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi festival şəhərdəki “Qafqaz-Karvansaray Otel Kompleksi”ndə keçirilmişdir.
Festivalda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Rayon Icra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, yerli və xarici turistlər, eləcə də şəhər sakinləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qəbələ RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova açmışdır. Daha sonra festival iştirakçılarını Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev salamlayaraq, maddi və mənəvi mədəniyyətimizin qorunması, inkişaf etdirilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində təşkil olunmuş bu festivalın əvəzsiz olduğunu qeyd etmiş, bu günkü müstəqil Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını Ümummilli Lider Heydər Əliyevin dahiyanə şəkildə müəyyənləşdirdiyi inkişaf xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsinin məntiqi nəticəsi olduğunu vurğulamışdır. Qəbələnin ictimai-siyasi həyatının əlamətdar hadisələrlə çox zəngin olduğunu bildirən natiq bu məkanın 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı, 2014-cü ildə Azərbaycanın əfsanələr paytaxtı seçildiyini, Qəbələnin beynəlxalq musiqi festivallarının, təsviri sənət sərgilərinin, idman yarışlarının, ölkə başçılarının zirvə toplantılarının və görüşlərinin keçirildiyi gözəl bir diyar olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bu gün burada II Mürəbbə Festivalının keçirilməsi ilə Qəbələnin daha bir təntənəsinin şahidi oluruq. Sonda rayon icra hakimiyyətinin başçısı tədbir iştirakçılarını təbrik etmiş, festivalın işinə uğurlar arzulamışdır. Sonra Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Assosiyasiyasının prezidenti Tahir Əmraslanov çıxış edərək Azərbaycanın qədim paytaxtlarından biri olan Qəbələdə belə bir mötəbər tədbiri təşkil edilməsinin əhəmiyyətindən söz açmışlar. Diqətə çatdırılmışdır ki, Azərbaycanın mədəniyyəti və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən Qəbələ Mürəbbə Festivalında  iştirak edən şirniyatçılar  burada ən gözəl əl işlərini sərgiləməklə yanaşı satış yarmarkasında da iştirak edirlər. Qeyd olunmuşdur ki, bu gün Qəbələdə milli adət - ənənələrimizi, milli dəyərlərimizi, milli sərvətlərimizi qorumaq məqsədi ilə respublika əhəmiyyətli tədbir keçirilir. Ötən il bu festivalda 8 rayondan, bu il isə 21 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Daha sonra qonaqlar festivalın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi və hər bir rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan şirniyyatların baxdılar. Məlumat verildi ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə ikinci dəfədir ki, keçirilən Qəbələ mürəbbə festivalında Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz, Ordubad və Qəbələnin hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak edirlər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Komissiya tərəfindən isə 12 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil ediliblər.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Qəbələ, Şəki, Qax və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan olunub. Müsabiqədə Sevda Baxşıyeva (Gəncə şəhəri, çiyələk mürəbbəsi) birinci, Fizzə Mahmudova (Zaqatala rayonu, ərik mürəbbəsi) və Natavan Musayeva (Goranboy rayonu, gül mürəbbəsi) ikinci, Səyyarə Quliyeva (Qəbələ rayonu, heyva mürəbbəsi), Jalə Qədirova (İsmayıllı rayonu, gilas mürəbbəsi), Xəyalə Mikayılova (Oğuz rayonu, gilas mürəbbəsi) üçüncü yeri tutub.
Təşkilatçılıq baxımından festivalda fəal iştirak edən Qəbələ rayon İcra Hakimiyyətinə qızıl medal, Xaçmaz və Abşeron rayon icra hakimiyyətlərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim edildi. Festivalda ilk 3 yeri tutan şirniyyatçılara medallarla yanaşı, pul mükafatı və qiymətli hədiyyələr də təqdim edildi. Festival maraqlı konsert proqramı ilə davam etdirildi.

Keçidlər