Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ növbəti beynəlxalq musiqi festivalına hazırdır.

23 iyul 2014 | 03:00

Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.
İyulun 23-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan Qəbələ VI Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək. Qəbələ şəhərində avqustun 1-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür.
Festival günlərində Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyi nəzərə alınaraq rayonda geniş hazırlıq işləri görülüb. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilib, gecə işıqlandırma sistemi qaydaya salınıb, şəhərdə səliqə-sahman yaradılıb.
Qəbələ şəhərinin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarına, müxtəlif otel və istirahət mərkəzlərinə festivalla bağlı plakatlar qoyulub. Bundan əlavə, festivalın keçiriləcəyi beşulduzlu “Qafqaz Resort” və “Qafqaz Riverside” otellərində hazırlıq işləri başa çatdırılıb.
Xatırladaq ki, festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər-İohannesburq Filarmonik orkestri, İsrailin “Brass kvintet”i, “Kiyev solistləri” milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər. Festival konsertlərində Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.

Keçidlər