Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilir.

31 dekabr 2019 | 02:00

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonun yaşayış məntəqələrində, idarə və müəssisələrdə təhsil, səhiyyə və mədəni-maarif ocaqlarında bayram tədbirləri keçirilir. Qəbələ Heydər Əliyev Mərkəzində Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən danışmışlar. Bildirilmişdir ki, dünya Azərbaycanlılarını həmrəyliyə səsləyən bu tarixi günün qeyd olunması ulu öndər Heydər Əliyevin xidmətidir. Məhz ulu öndər 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 31 dekabrın Dünya Azərbaylılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsinə nail oldu. Tədbir balacaların ifasında mahnı və rəqslərlə davam etmiş, şaxta babanın gəlişi böyük sevinclə qarşılanmışdır. Sonda körpələrə bayram sovqatı paylanmışdır. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirində ilk öncə Azərbaycan Respublikasının Preizdenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı təbrikin mətni səsləndirilmişdir. Bayram şənliyinin aparıcıları 2019-cu ildə ölkəmizdə ictimai-siyasi, iqtisadi sahələrdə əldə olunan uğurlar barədə geniş məlumat vermişlər. Tədbir könülləri oxşayan şən melodiyalarla, şeirlərlə müşayət olunmuşdur. Şaxta baba və Qar qızın gəlişi bayram şənliyinin balaca iştirakçılarının böyük sevincinə səbəb olmuşdur. Şaxta baba balacalara hədiyyələr paylamışdır. Qəbələ şəhərində 3-12 yaşlı fiziki qüsurlu uşaqlar üçün açılmış Günərzi Qayğı Mərkəzində Qızıl Aypara Cəmiyyəti rayon şöbəsinin, mədəniyyət mərkəzinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilmişdir. Uşaqların da iştirakilə hazırlanmış bədii proqram böyük maraqla izlənilib. Rayon təhsil şöbəsinin mədəniyyət mərkəzinin, Kapital bankın yerli şöbəsinin, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsinin rəhbərləri bayram tədbirində iştirak etmiş, uşaqlara hədiyyələr paylamışlar. Rayonun məktəblərində, uşaq bağçalarında keçirilən bayram tədbirləri də maraqlı və yaddaqalan olmuşdur. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlər yanvarın 7-dək davam edəcəkdir.

Keçidlər