Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.

11 oktyabr 2019 | 16:00

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəz olub. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində indi də qorunub saxlanılır və ölkəmiz dünyada multikulturalizmin əsas ünvanlarından biri kimi tanınır. Bu fikirlər oktyabrın 11-də Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban Udi Ocağında keçirilən “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfransda səsləndirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda təşkilatçı qurumların, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmiləri, İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Avqusto Massari, Azərbaycanın, həmçinin Fransa, Rusiya, Gürcüstan və Litvadan dəvət olunan albanşünas mütəxəssislər, tarixçi alimlər, ziyalılar iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Alban Udi Ocağında yaradılan şəraitlə tanış olublar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov konfransı açaraq, Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsi olduğunu, bu mövzunun BBMM tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qafqaz Albaniyası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyini önə çəkən qurumun rəsmisi bildirib ki, BBMM-nin 2014-2019-cu illər ərzində həyata keçirdiyi mühüm layihələrdən biri də “Qafqaz Albaniyasını öyrənirik” layihəsidir. Bu layihə çərçivəsində həm ölkə daxilində, həm də xaricdə bir sıra konfranslar, dəyirmi masalar, elmi turlar, mühazirələr təşkil edilib, həmçinin mövzu ilə bağlı kitablar, broşürlər nəşr olunub. Qafqaz Albaniyası ilə bağlı məsələnin dövlətimizin başçısının da daim diqqət mərkəzində olduğunu vurğulayan Rəvan Həsənov deyib: “Prezident İlham Əliyev tövsiyələrində Qafqaz Albaniyasının Azərbaycanın mədəni irsi olması baxımından dəqiqliklə araşdırılmasını, bu məsələnin həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ olunmasının vacibliyini daim önə çəkib. Bu da əsassız deyil. Çünki Qafqaz Albaniyasının mədəni irsini mənimsəmək istəyən qüvvələr, dövlətlər mövcuddur. Ancaq alimlərimizin, tarixçilərin araşdırmaları, ortaya qoyulan faktlar siyasətçilərin ifadə etdikləri sözlərdən daha kəsərli, daha əhəmiyyətli olur. Bu məsələ elmi səviyyədə müzakirə olunanda hər kəs Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi olduğunu etiraf etmək məcburiyyətində qalır”. Konfransda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qafqaz Albaniyası ilə bağlı elmi müzakirələrin Nic qəsəbəsində keçirilməsinin ölkəmizdə mövcud olan multikultural ənənələrə, tolerantlığa və tarixi köklərə bağlılığın bariz nümunəsi olduğunu bildirib. RİH-nin başçısı qeyd edib ki, hazırda sayı 10 min nəfərdən çox olan udilərin 4 minə yaxını kompakt halda Nic qəsəbəsində yaşayır və bu torpağı özlərinin əzəli və əbədi Vətəni hesab edirlər. Bildirilib ki, bu gün milli azlıqların yaşadığı beynəlmiləl Nic qəsəbəsinin dünyanın bir sıra ölkələrində olan udi diasporları və elmi ictimaiyyəti ilə sıx əlaqələri mövcuddur. Bu təmaslar və əlaqələr bir çox qədim mənbələrdə adı keçən udilərin bu gün mədəni inkişafına, tərəqqisinə stimul verir, onları tarixi köklərinə daha da bağlayır. Prezident İlham Əliyevin Qəbələyə səfərləri zamanı Nic qəsəbəsinə gələrək, burada yaşayan udilər, azərbaycanlılar, ləzgilər və digər millətlərin nümayəndələri ilə görüşdüyü, dövlət başçısının göstərişi ilə qəsəbənin abadlaşdırılması və sosial problemlərinin həlli ilə bağlı mühüm layihələr həyata keçirildiyi qeyd olunub. Buradakı “Cotari” alban kilsəsinin təmir edilərək udilərin istifadəsinə verilməsi, ərazidə iki müasir məktəb binasının inşa olunması, yeni parkın salınması, yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi, Qəbələ-Nic şossesinin yenidən qurulması, qəsəbənin mərkəzinin və daxili yollarının asfaltlaşdırılması dövlət tərəfindən milli azlıqlara göstərilən diqqət və qayğının təzahürü kimi vurğulanıb. Azərbaycanın multikultural ölkəyə çevrilməsində Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyətini xüsusi qeyd edən rayon icra hakimiyyətinin başçısı, Fondun hər bir layihəsinin xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb. Natiq çıxışında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın "Qəbələ məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və əminamanlıq içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqinə və inkişafına daim öz töhfəsini verən məkan kimi tanınmaqdadır" fikirlərini səsləndirib. Səbuhi Abdullayev çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb. Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara icma üzvləri adından minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirin olduqca aktual, əhəmiyyətli və ağrılı bir mövzuya həsr olunduğunu vurğulayaraq deyib: “Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən erməni qəsbkarları xalqımıza məxsus olan maddi-mədəniyyət abidələrinin məhvi və mənimsənilməsi istiqamətində fəaliyyət göstərirlər. Qafqaz Albaniyası dövründən bizlərə yadigar qalan xristian-alban məbədləri də erməni vandalizminin qurbanına çevrilmiş mədəniyyət abidələrimizdəndir. Ermənilər həmin abidələrin, məbədlərin memarlıq quruluşunu dəyişir, oradakı qədim daş kitabələri, onların üzərindəki qədim yazıları məhv edirlər. Odur ki, bu zəngin irsə sahib çıxmaq, tədqiq etmək və bu irslə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışlarında Qafqaz Albaniyası ilə bağlı keçirilən beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndiriblər. Sonra beynəlxalq konfrans işini panel iclaslarla davam etdirib. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın moderatorluğu ilə keçən I panel iclasda əvvəlcə moderatorun təqdimatında “Tarixi həqiqətlər rakursundan: dəlillər və sübutlar” mövzusunda məruzə dinlənilib. Konfransın birinci panel iclasında, həmçinin Fransanın Qafqaz dilləri və filologiyası üzrə tədqiqatlar mərkəzinin direktoru, professor Jil Otye “Udi dilində şəxs əvəzlikləri, işarə əvəzlikləri və onların qədim Qafqaz Albaniyası haqqında çatdırdıqları məqamlar”, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli “Qafqaz Albanşünaslığının Azərbaycan tarixində yeri”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Məhəbbət Paşayeva “Azərbaycanda qədim alban tayfalarının etnik ənənələri”, Volqoqrad Dövlət Qulluğu Akademiyasının tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari “Udilər və Qafqaz Albaniyasının tarixi-mədəni irsi: sosial-fəlsəfi aspektlər”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Keşikçidağ-Qafqaz Albaniyası dövrünün mağara məbədləri”, Alban-Udi Xristian Dini İcmasının rəhbəri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili “Alban (Qafqaz) Apostol Avtokefal kilsəsi: tarix, müasirlik və perspektivlər” mövzularında məruzələr ediblər. İkinci panel iclasında AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidinin “Qədim Albaniyanın adı və coğrafi əraziləri Azərbaycan tarixçilərinin gözü ilə”, Litvanın Tarix İnstitutu və Vilnüs Avropa Humanitar Universitetinin baş elmi işçisi, professor Rasa Çapaytenenin “Çoxmədəniyyətli cəmiyyətdə mədəni irs: problemlər və imkanlar”, AMEA Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “XIX əsrin birinci yarısında Çar Rusiyasının Şimali Azərbaycanda yürütdüyü dini siyasət tarixindən” mövzularında, həmçinin tədbirdə iştirak edən digər tarixçi alimlərin mövzu ilə bağlı maraqlı məruzələri dinlənilib.

Keçidlər