Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib.

21 sentyabr 2019 | 02:00

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 20-də Ədliyyə naziri Fikrət Məmmədov Qəbələ rayon Mədəniyyət Mərkəzində Qəbələ, İsmayıllı, Oğuz rayonlarda yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səfər çərçivəsində nazir yerli məhkəmə və ədliyyə orqanlarına baş çəkərək, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib. Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulub, ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

Keçidlər