Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Kiyev virtuozları” simfonik orkestri Qəbələ festivalında növbəti konsert proqramını təqdim edib.

05 avqust 2019 | 04:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq beşinci gündür tamaşaçıları bir-birindən maraqlı konsert proqramları ilə sevindirir. İyulun 31-də başlayan festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, simfonik orkestr, solistlər və dirijorlar iştirak edirlər.
Festivalın proqramına uyğun olaraq, avqustun 4-də axşam Qəbələ Mədəniyyət Mərkəzində Ukraynanın məşhur “Kiyev virtuozları” simfonik orkestrinin növbəti konserti olub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.
“Kiyev virtuozları” simfonik orkestri Ukraynanın ən aparıcı kollektivlərindən biridir. Bu gənc orkestr Ukraynanın beynəlxalq müsabiqələr qalibi olmuş bir çox istedadlı musiqiçilərini bir araya gətirir. Orkestr Ukraynada qərb bəstəkarlarının əsərlərini məşhurlaşdırmaqla, həmçinin K.Penderetski, V.Silvestrov və M.Skorik kimi görkəmli müasir bəstəkarlarla yaxından əməkdaşlıq etməklə nüfuz qazanıb. Orkestrin özünəməxsus səslənməsi və ustalığı bu illər ərzində bir çox beynəlxalq səviyyədə tanınmış solo ifaçıların və dirijorların diqqətini cəlb edib və birgə layihələrdə çıxış etməyə həvəsləndirib. Orkestrin son qastrol səfərlərinə İsveçrə, Fransa, İspaniya, Azərbaycan və Cənubi Amerika ölkələri aiddir.
XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin (İsrail-ABŞ) dirijorluğu ilə gerçəkləşən konsertdə kanadalı violençel ifaçısı Qreys Son, violin ifaçısı Janna Qandelman (İsrail) və pianoçu Nərmin Nəcəfli (Azərbaycan) maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə J.Bize, E.Elqar, P.Çaykovski, F.Şopen, P.Sarasate və İ.Şatrausun əsərləri səsləndirilib. Orkestrin və musiqiçilərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
XI Qəbələ Beynəlxalq Musiqi Festivalına avqustun 5-də yekun vurulacaq. Proqrama uyğun olaraq, festivalın sonuncu günü əvvəlcə Heydər Əliyev Konqres Mərkəzində kamera musiqisi axşamı təşkil ediləcək. Daha sonra Mədəniyyət Mərkəzində festivalın bağlanış mərasimi və son konserti olacaq.

Keçidlər