Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Aprel şəhidlərinin xatirəsi anılıb.

05 aprel 2019 | 16:00

Silahlı Qüvvələrimizin 2016-cı ilin aprel ayında həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı şəhid olmuş Aprel döyüşçülərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və Aprel döyüşlərində şəhid olmuş, həmyerlimiz leytenant Sahil Həsrət oğlu Şirinovun ailə üzvləri iştirak ediblər. Şəhidlərin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri açan RİH-nin başçısı Səbuhi Abdullayev 2016-cı ilin Aprel döyüşlərindən danışıb, Sahil Şirinovun ailəsinə Allahdan səbir diləyib, dövlətimizin daim onların yanında olduğunu vurğulayıb.İcra hakimiyyətinin başçısı çıxışında Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb. O, erməni silahlı qüvvələrinin bu döyüşlərdə böyük itkilərə məruz qaldığını, düşmənin 320-dən artıq canlı qüvvəsinin məhv edildiyini və 500-dən artıq erməni hərbi qulluqçusunun yaralandığını bildirib. Natiq qeyd edib ki, düşmənin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılmış, düşmən ordusunun Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı məhv edilmiş və Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı həmin döyüşlərdə həmyerlimiz, leytenant Sahil Həsrət oğlu Şirinovun da igidliklə həlak olduğunu qeyd edib, onun göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif olunduğunu diqqətə çatdırıb. RİH başçısının çıxışında Aprel döyüşlərinin çox böyük tarixi əhəmiyyətə malik olduğu, bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verildiyi səslənib. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükənin tamamilə aradan qaldırıldığı, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə artıq bu kəndin əhalisinin 23 ildən sonra doğma torpaqlarına qayıdışının işğal altındakı digər əraizlərimizin də tezliklə azad olunmasına xalqımızda dərin inam yaratdı vurğulanıb. Anım mərasimində çıxış edən Kürd kənd tam orta məktəbin müəllimi Ümudvar Həsənov, Aprel döyüşçüsü Xəzər Salamzadə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin rayon şöbəsinin sədri İmran Mustafayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüsal Əliyev, Bum qəsəbə tam orta məktəbin müəllimi Tofiq Qaragözov, Sahil Şirinov haqqında yazılmış “O, el üçün doğulmuşdur” kitabının müəllifi Bəydadaş Cəfərli və başqaları Milli Orduda vuruşaraq şəhid olan əsgərlərimizin cəbhədə göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Çıxış edənlər igid Azərbaycan əsgərlərinin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə əminliklərini ifadə ediblər. Sonra Səbuhi Abdullayev Sahil Şirinovun atası Həsrət Şirinova, Aprel döyüşçülərindən Xəzər Salamzadəyə və Arzu Allahverdiyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Vətənpərvərlik işində xidmətlərinə görə” medallarını təqdim edib. Tədbirdə şəhid Sahil Şirinovun təhsil aldığı Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Sonda çıxış edən şəhidin valideynləri Şəhla və Həsrət Şirinovlar dövlətimizin başçısına şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirib, tədbirin təşkilinə görə rayon icra hakimiyyətinə minnətdarlıqlarını ifadə ediblər. Onlar Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliklərini bildiriblər.

Foto qalereya

Keçidlər