Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kiçik Pirəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilib.

16 yanvar 2019 | 22:00

Kiçik Pirəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat iclasında kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən İƏD üzrə nümayəndə Araz Ağayev iştirakçılara Kiçik Pirəlinin sosial inkişafı ilə bağlı nümayəndəlik tərəfindən 2018-ci ildə kənddə görülmüş işlər barədə ətraflı məlumat verib. Məruzədə səslənib ki, kənddəki 215 ailə təsərrüfatında 867 nəfər sakin yaşayır. Onların 432 nəfəri fərdi təsərrüfatlarda çalışır. Əhali elektrik enerjisi, qaz yanacağı və içməli su ilə dayanıqlı qaydada təmin olunur. Qeyd olunub ki, ərazidə kənd təsərrüfatının inkişafına diqqət və məsuliyyətlə yanaşılır. Barama istehsalı bərpa olunub və hesabat dövründə ərazidə 101 kq barama istehsal edilib. Bu gəlirli sahənin gələcəkdə inkişaf etdirilməsi məqsədilə 1400 ədəd tut tingi əkilib. Strateji kənd təsərrüfatı məhsulu hesab edilən fındıqçılığın genişləndirilməsi üçün 9 hektar sahədə fındıq bağı salınıb. Əhalinin əsas məşğuliyyət sahəsi olan taxılçılıq və heyvandarlıqda məhsuldarlıq ildən-ilə artır. Hesabat məruzəsində qeyd olunub ki, xidmət sahələrinin qurumları kənd sakinlərinə nümunəvi xidmət göstərir. Yaranan bu və ya digər problemlərin həllində rayon icra hakimiyyəti hərtərəfli dəstək göstərir. Hesabat məruzəsindən sonra kənd sakini Məzahir İslamov, tam orta məktəbin direktoru Elsevər Mustafayev, Böyük Pirəli Bələdiyyəsinin sədri Ramin Hidayətov və başqaları çıxış ediblər. İcra nümayəndəsinin fəaliyyətindən razılıqlarını bildirən sakinlər çıxışlarında xahiş ediblər ki, ərazidə olan elektrik dirəklərinin dəyişdirilməsinə, uşaq bağçasının açılmasına, kənd yolunun asfaltlaşdırılmasına aidiyyəti təşkilatlarla birlikdə diqqət yetirilsin. Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova ölkədə və bölgədə əldə olunan yüksək nailiyyətlərdən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqəti və yaxından köməkliyi ilə Qəbələyə olan dövlət qayğısından ətraflı danışıb. Qeyd edib ki, Kiçik Pirəli inzibati ərazi dairəsi də yeni layihələrdən yararlanacaq, əhalinin məşğulluğu daha da artacaq. RİH başçısının müavini əmin olduğunu bildirib ki, kiçik pirəlilərin aqrar istehsalda töhfələri çoxalacaq və 2019-cu ildə qarşıda duran vəzifələrin icrası üçün onlar daha məsuliyyətlə çalışacaqlar. İclasda iştirakçılar icra nümayəndəliyinin fəaliyyətinə kafi qiymət veriblər.

Keçidlər