Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xatirə gecəsi keçirilmişdir.

25 dekabr 2017 | 16:00

Dekabrın 23-də qayğıkeş müəllim, təvazökar və humanist insan Rövşən Şəfizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Rövşən Gülməmməd oğlu Şəfizadə1917-ci il dekabrın 23-də Bakı şəhərində anadan olub və boya-başa çatıb.
O,1937-ci ildə Bakıda iki illik Müəllimlər İnistitutunu bitirərək keçmiş Xalq Maarif Komissarlığının göndərişi ilə Qəbələ (əvvəlki Qutqaşen) şəhərinin Nizami adına orta məktəbinə riyaziyyat müəllimi təyin olunub. Rövşən Şəfizadə 1941-ci ildə Böyük Vətən müharibəsində iştirak etmək üçün ordu sıralarına çağırılıb, 1942-ci ildə ağır yaralanaraq ordu sıralarından tərxis olunub.
Həmin il Qazı-Məmməd şəhər məktəbinə direktor təyin edilib.
O, bir müddət orada müəllimlik etdikdən sonra 1944-cü ildə yenidən Qutqaşen rayonuna qayıdıb və ömrünün sonuna qədər Nizami adına şəhər orta məktəbində (indiki şəhər 1 nömrəli tam orta məktəbdə) müxtəlif vaxtlarda direktor və müəllim işləyib.
Rövşən Şəfizadə yaşadığı qısa ömür kəsiyində qəbələli gənclərin və yeniyetmələrin cəmiyyətə, həyata hazırlanması üçün böyük əmək sərf edib, müxtəlif sahələrdə çalışan və ölkə miqyasında tanınan görkəmli ziyalılar yetişdirib.
Onun xidmətləri Respublika Xalq Maarif Nazirliyi və rayon maarif şöbəsi tərəfindən qiymətləndirilib və o, müxtəlif diplom və Fəxri fərmanlarla təltif edilib. Görkəmli pedaqoq 1970-ci ildə 53 yaşında vəfat edib və Qəbələ şəhərində dəfn olunub.
Onun yetirmələri və onu tanıyanlar Rövşən Şəfizadənin xatirəsini həmişə dərin hörmətlə anır.
Yubiley tədbiri Rövşən Şəfizadənin işlədiyi şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Mərasimdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, idarə və müəssisələrin nümayəndələri, ziyalılar, şəhər ağsaqqallarının bir qrupu, pedaqoqun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
Tamaşaçılar əvvəlcə məktəbin foyesində Rövşən Şəfizadənin pedaqoji fəaliyyətini əks etdirən foto-sərgi ilə tanış olublar.
Tədbiri təqaüddə olan əməkdar müəllim Fərman Əzizli açıb. Mərasimdə rayonun təhsil tarixində adları unudulmaz pedaqoqlar sırasında çəkilən və dünyasını dəyişən bütün müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fərman Əzizli unudulmaz insan Rövşən Şəfizadənin həyatı və onun pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib, bu nəcib insan haqqında xatirələrini danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, şəhər 1 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Dürdanə Zeynalova, 4 nömrəli tam orta məktəbin direktoru Qəşəngi Musayeva, təhsil şöbəsinin əməkdaşı Arifə Bayramova, Rövşən Şəfizadənin yaxın qohumları Səməd Səmədov, Mehparə Şəfizadə, yetirmələri iqtisadçı Zahid Kərimov, Şahsoltan Şəkərxanov, ehtiyatda olan polkovnik leytenant Alı Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Fazil Əhmədov və digər çıxışçılar bu vətənpərvər insanın müəlimlik fəaliyyətindən, Qəbələ təhsilinə verdiyi töhfələrdən, yüksək ictimai təşkilatçılıq keyfiyyətlərindən və gənc nəslə örnək olası xatirələrindən danışıblar.
Məktəblilərin hazırladığı ədəbi kompozisya məclisi daha da maraqlı edib.
Mərasimdə Rövşən Şəfizadənin fəaliyyətinə həsr olunan videoçarx və tədbirə gələ bilməyən dostlarının və şagirdlərinin canlı məktubları nümayiş etdirilib.
Qəbələ yazarlarından Səməd Səmədov, Cəlil Komradlı, Fəxrəddin Babayev, Həsənağa Kədərli qayğıkeş müəllimə ithaf etdikləri şeirlərini oxuyublar.
Sonda yubliyarın oğlu Əjdər Şəfizadə tədbirin iştirakçılarına ailələri adından dərin minnətdarlığını bildirib.
Tədbir Vaqif Yaquboğlunun aparıcılıq etdiyi konsert proqamı ilə başa çatıb.

Keçidlər