Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İsrailin Yokneam şəhəri merinin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələyə səfərə gəlib.

28 oktyabr 2017 | 16:00

İsrailin Yokneam şəhər merinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişdir. Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, ulu öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər. Qonaqlar sonra Qəbələ Mədəniyyət Mərkəzində milli müğam üçlüyünün və "Zopu-zopu" folklor etnoqrafik rəqs ansamblının ifalarına tamaşa etmişlər. Qəbələ rayonu ilə daha yaxından tanış olan qonaqlar “Gilan” Qida Şəhərciyindəki sənaye obyektlərində istehsal prosesinə baxmış və müəssisədə gedən istehsal prosesini, həmçinin hazır məhsulların qablaşdırılması mərhələsini izləmişlər. Daha sonra nümayəndə heyəti Regional “ASAN xidmət” mərkəzinə gəlmişlər. Mərkəzin inzibati binası ilə tanış olan nümayəndə heyətinə “ASAN xidmət” mərkəzinin iş prinsipi, burada həyata keçirilən sosial aksiyalar və maraqlı layihələr haqqında ətraflı məlumat verilmişdir. Səfər çərçivəsində qonaqlar “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən əməkdaşların, eləcə də könüllülərin fəaliyyətini yaxından izləmiş, “ASAN ödəniş” terminallarının iş prisipi ilə maraqlanmışlar. Səfər çərçivəsində nümayəndə heyəti Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olmuşlar. Konqres Mərkəzində keçirilən görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev nümayəndə heyətinə Qəbələnin tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat vermişdir. Səbuhi Abdullayev bildirmişdir ki, Qəbələnin təbiəti qədər zəngin olan keçmişi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Qonaqlara qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qalıqları, qala divarı və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verən rayon icra hakimiyyətinin başçısı Qəbələnin cəlbedici turizm bölgəsi olması ilə yanaşı, beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirlərinə, idman yarışlarına da ev sahibliyi etdiyini vurğulamışdır. İsrailin nümayəndə heyətinə başçılıq edən Yokneam şəhərinin meri Simon Alfasi də öz növbəsində səfərlərinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, Yokneam və Qəbələ arasında olan qarşılıqlı əlaqələri yüksək qiymətləndirmişdir. İsrailli qonaq təbiətin Qəbələyə bəxş etdiyi füsunkar gözəlliklərin canlı şahidi olduğunu diqqətə çatdırmışdır. Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrin davam etdirilməsindən söz açan Simon Alfasi bunun Yokneam və Qəbələ şəhərləri arasında iqtisadi əməkdaşlığın və turizmin inkişafına təkan verəcəyini qeyd etmişdir. Görüş zamanı Yokneam şəhərinin meri Simon Alfasi və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən “İsrail Dövlətinin Yokneam şəhəri və Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti arasında münasibətlərin yaranması haqqında memorandum” imzalanmışdır. İmzalama mərasimindən sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etmişlər. Nümayəndə heyəti rayonda fəaliyyət göstərən digər sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunmuş tikililər, tarixi abidələr və turizm obyektləri ilə yaxından tanış olmuşlar.

Foto qalereya

Keçidlər