Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

16 oktyabr 2017 | 16:00

Oktyabrın 16-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin yeni binası ilə tanış olan qonaqlara məlumat verilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi iri sənaye mərkəzlərində, regionlarda rasionallaşdırılma və optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin yaradılması çərçivəsində istifadəyə verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi peşə liseyi statusunda  olmaqla Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında yaradılıb.
3 mərtəbədən ibarət mərkəzdə iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. Mərkəzdə istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun yaradılmış 4 emalatxana lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə kiçik təlim-təsərrüfat sahəsi istifadəyə verilib, binanın ətrafında yaşıllaşdırma işləri aparılıb, 700-ə yaxın ağac və bəzək kolları əkilib.
Yeni tədris korpusunda gözləmə və konfrans zalları, 30 sinif otağı, linqafon, kompüter otaqları, laboratoriyalar, 13 inzibati otaq, mətbəx, yeməkxana, təlim üçün restoran və otel otağı, oxu zalı olan kitabxana, soyunub-geyinmə otağı, idman zalı mövcuddur. Təhsil ocağının geniş konfrans zalında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Mərkəzdə yeni tipli mini stadion şagirdlərin istifadəsinə verilib, idman zalı müxtəlif tədris vasitələri ilə tam təmin edilib. Mərkəzin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi var və 10-dan çox müasir kənd təsərrüfatı texnikası ilə təchiz olunub.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək son illərdə ölkəmizdə peşə təhsili sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini  və yeni binanın istifadəyə verilməsinin görülən işlərin davamı olduğunu bildirib.
Təhsil naziri Mikayıl Cabbarov mərkəzin yeni binasının açılışı münasibətilə kollektivi təbrik edib. Nazir bildirib ki, təxminən 3 hektara yaxın ərazidə belə bir müasir mərkəzin yaradılması və istifadəyə verilməsi dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarının və ölkəmizin regional inkişaf layihələrinin daha bir göstəricidir. Peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edən nazir mərkəzdə turizm, otelçilik, kənd təsərrüfatı  və digər mühüm ixtisaslar üzrə kadr hazırlığının aparılacağını bildirib.
Ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin peşə təhsilində həyata keçiriləcək layihələr baxımından mühüm sənəd olduğunu bildirən nazir ölkəmizdə əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib. Təhsil naziri burada yaradılan şəraitin təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını, yaxın gələcəkdə belə müəssisələrin digər bölgələrdə də istifadəyə veriləcəyini bildirib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev dövlət başçısının rəhbərliyi altında Qəbələdə aparılan böyük quruculuq, abadlıq işlərindən söz açıb, rayonun bir çox ilklərə imza atdığını qeyd edib. Səbuhi Abdullayev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə beynəlxalq musiqi festivalının, rəsm sərgilərinin keçirildiyini vurğulayıb və mərkəzin yeni binasının istifadəyə verilməsini aparılan işlərin davamı kimi dəyərləndirib.
Millət vəkili Fəttah Heydərov təhsilin bu vacib sahəsində aparılan müsbət dəyişikliklərin, yeni peşə təhsil mərkəzlərinin yaradılmasının ölkənin davamlı inkişafının təmin edilməsinə xidmət etdiyini bildirib. Fəttah Heydərov mərkəzin müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı baxımından peşə təhsili sahəsinə öz töhfəsini  verəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür. Təhsil müəssisəsində regionun xüsusiyyətləri nəzərə alınmaqla, aqrar və turizm sektoruna aid ixtisasların hazırlanmasına böyük əhəmiyyət verilir. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.

Foto qalereya

 

Keçidlər