Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə yetişdirilən Fransa və İtaliyanın keyfiyyətli üzüm sortlarından əldə edilən məhsullar xarici bazara çıxarılır.

12 oktyabr 2017 | 16:00

Qəbələ rayonunun Savalan kəndi ərazisində salınan və 343 hektar sahəsi olan üzüm plantasiyasında məhsul yığımı başa çatıb. Tədarük olunan məhsul “ASPİ-AGRO” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı zavoduna təhvil verilib. Müəssisə texniki sortlardan olan üzümdən şərab istehsal etməklə yanaşı süfrə üzümlərini daxili bazara çıxarıb, eləcə də müqavilə əsasında Rusiyaya ixrac edib. Gələcəkdə Qəbələdən digər MDB ölkələrinə və Avropaya üzüm ixrac edilməsi qarşıya məqsəd qoyulub.
Müəssisə tərəfindən salınmış plantasiyanın 298 hektar sahəsində texniki, 45 hektar sahəsində isə süfrə sortlarından olan üzüm tingləri yetişdirilib. Üzüm bağlarında “ASPİ -AGRO” MMC-nin sifarişi ilə İtaliya və Fransadan gətirilən 21 növ texniki və 14 növ süfrə üzümü əkilib. Bu il italiyalı mütəxəsislərin rəhbərliyi ilə üzüm tinglərinə yüksək aqrotexniki qulluq göstərilib və ötən ildəkindən daha keyfiyyətli məhsul əldə edilib.
Qeyd olunan sahədən 1800 ton məhsul toplanılıb ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Bu ilin martında müəssisə tərəfindən İtaliyadan gətirilən “Arinorno”, “Rebo”, “Verdexo”, “Qrenaj” sortlarından ibarət daha 3 hektar sahədə yeni üzüm bağı salınıb. Hazırda isə şərab istehsalı üçün daha məhsuldar hesab edilən üzüm sortlarından ibarət 5 hektar sahədə yeni bağın salınması üçün hazırlıq işləri görülür. Fransa və İtaliyadan gətirilən yeni üzüm sortları hesabına müəssisə tərəfindən daha fərqli çeşiddə və rəqabətə davamlı şərablar istehsal etmək həmçinin xarici bazara məhsul ixracını artırmaq üçün geniş imkanlar əldə ediləcək. 
Qeyd edək ki, hazırda zavodda “Savalan” brendi ilə 16 çeşiddə şərab istehsal olunur və onların əksəriyyəti xarici ölkələrə ixrac edilir. Zavodun məhsulları bir sıra beynəlxalq şərab və dequstasiya sərgilərində qızıl medal qazanıb. “Made in Azerbaijan” brendinin xarici bazalarda təşviqi üçün keçirilən bütün ixrac missiyalarında iştirak edən “Savalan” zavodu gələn ay Çinin Honkonq şəhərində təşkil olunacaq növbəti belə tədbirdə öz məhsullarını potensial alıcılara təqdim edəcək.

Keçidlər