Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilmiş mədəniyyət tədbiri və möhtəşəm konsert olub.

19 sentyabr 2017 | 16:00

Sentyabrın 18-də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş mədəniyyət tədbiri və möhtəşəm konsert olub.
SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Ariranq”- “Azərbaycanın qəlbini coşdur” adlı mədəniyyət festivalında Koreyanın milli musiqi ifaları, rəqsləri, geyimləri, idman hərəkətləri, ritm və hərəkət jestləri nümayiş olunub. İyirimi beş illik dostluğa həsr edilən festivalda Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri,  Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Dünya Taekvondo Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxış edib.
Natiqlər bildirib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 il ərzində siyasi əməkdaşlıq tarixində böyük irəliləyiş əldə edib. İki ölkə siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdirib.
Nazir Kəmaləddin Heydərov Azərbaycanda taekvondo idman növünün inkişafından, əldə edilən uğurlardan danışıb, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün bu cür mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Kəmaləddin Heydərov Koreyanın milli idman növü olan taekvondonun Azərbaycanda sevilən bir idman növü olduğunu, uşaq, yeniyetmə və gənclərn bu idmana böyük maraq göstərdiyini, onların beynəlxalq yarışlarda qələbə qazandıqlarını bildirib.
Səfir Kim Çanq-gyu bildirib ki, gələcəkdə, Koreya hökuməti iqtisadiyyatın inkişaf sahəsindəki təcrübə və texnologiyalarını bölüşərək Azərbaycanın iqtisadi inkişafına daha çox töhfə vermək niyyətindədir. O, qeyd edib ki, Azərbaycan və Koreya xalqları Altay dil ailəsinə mənsub olduqları üçün bir çox adət-ənənə və həyat tərzlərində ümumi cəhətləri bölüşürlər. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında qeyd edib ki, Azərbaycan və Koreya arasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrin bu il 25 ili tamam olur. Azərbaycan və Koreya arasında yaranmış sıx münasibətlər ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, həyata keçirilən mübadilələr, ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri bu əlaqələrin daha da möhkəmlənməsinə öz töhvəsini verib. Ölkələr arasında yaradılan bu dostluq münasibətlərinin genişlənməsində artıq 12 ildir ki, fəaliyyət göstərən “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin (SEBA) də böyük rolu var. SEBA-nın Koreya və Azərbaycan nümayəndələrinin birgə iştirakı ilə həyata keçirdiyi konsert proqramları, beynəlxalq incəsənət sərgiləri, elmi simpozium və konfranslar, arxeoloji tədqiqatlar, tibbi layihələr buna bariz nümunədir.
Dünya Taekvondo Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxış edərək Azərbaycanda taekvondonun inkişafı ilə bağlı görülən işləri və qazanılan nailiyyətləri yüksək qiymətləndirib, ölkədə bu idman növünün təbliğinə və geniş yayılmasına yaxından köməklik göstərdiyinə görə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova, eləcə də uğurlu fəaliyyətinə görə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə təşəkkürnamə təqdim edib. Çıxışlardan sonra mədəniyyət tədbiri Koreya Milli Musiqi Mərkəzi Xalq Orkestrinin təqdim etdiyi milli rəqslərlə başlayıb. Proqrama uyğun olaraq Koreyanın ən yaxşı Hanbok dizaynerləri və milli saç düzümü ustalarının əl işlərindən ibarət moda nümayişi olub. Moda nümayişində Koreya qədim kral ailəsi və saray zadəganlarının dəbdəbəli saray libasları təqdim olunub. Daha sonra Dünya Taekvondo Akademiyasının "Kukkiwon" Taekvondo Nümayiş Qrupunun idmançıları dinamik və rəngarəng hərəkətlərlə nümunəvi çıxışlar edib. Koreyanın milli musiqi və rəqs nümunələrinin, eləcə də ritm alətlərində ifanın nümayiş olunduğu konsertə Koreyanın opera ifaçıları, Azərbaycanın muğam ustaları yekun vurub. Ümumilikdə 1200-dən çox tamaşaçının iştirak etdiyi konsert alqışlarla başa çatıb.

Foto qalereya

Keçidlər