Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanın Qəbələ və Koreya Respublikasının Qyonqcu şəhərləri arasında “Dostluq münasibətləri üzrə saziş” imzalanıb.

17 mart 2017 | 07:00

15 mart tarixdə Koreya Respublikasının Qyonqcu şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişdir. Qonaqları rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılayıb. Milli geyimdə olan qızlar qonaqlara Novruz bayramı barədə məlumat verib, onlara şirniyyatlar təqdim ediblər.
İlk öncə nümayəndə heyətinin üzvləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra Qəbələ Mədəniyyət Mərkəzində Qyonqcu şəhəri və Qəbələ rayonu arasında “Dostluq münasibətləri üzrə saziş”in imzalanma mərasimi keçirilib. Sənədi Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhərinin meri Çoi Yanq-si imzalayıb. Sazişə əsasən hər iki tərəf tarix, mədəniyyət və arxeologiya sahəsində qarşılıqlı elmi tədqiqatları genişləndirməyə çalışacaq, turizm, sənaye, iqtisadiyyat və təhsil sahələrində əlaqələr gücləndiriləcək, gənclər, idman və özəl sektorda mübadilə proqramları həyata keçiriləcək.
Mərasimdə Koreya Respublikasının nümayəndə heyətinin üzvləri, Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, eləcə də Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (Seul-Bakı - SEBA) sədr müavini İrina Zeynalova, təşkilatın beynəlxalq əlaqələr və tədris şöbəsinin müdiri İradə Nəcəfova iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbirdə çıxış edərək Qəbələnin tarixi, mədəni həyatı barədə məlumat verib, turizm, sosial-iqtisadi sahədə reallaşdırılan müxtəlif layihələrdən və əldə olunan uğurlardan danışıb. Bildirilib ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə SEBA-nın təşkilatçılığı ilə Qəbələdə Koreya Kino Festivalı və rəsm sərgisi təşkil edilib, Koreya arxeoloqlarının respublikamızda fəaliyyəti üçün şərait yaradılıb.
Qyonqcu şəhərinin meri diqqətə və qonaqpərvərliyə görə təşəkürünü bildirib. O, Qəbələnin sosial-iqtisadi inkişafının, eləcə də füsunkar təbiətinin onu məftun etdiyini və bu tanışlığın təəssüratından silinməyəcək xoş xatirələr yaratdığını qeyd edib. Koreyalı qonaq iki şəhər arasında bir çox sahələrdə əməkdaşlığın davam etdiriləcəyinə və uğurlu nəticələr əldə olunacağına əminliyini bildirib. O, Qəbələ futbol komandasını bu ilin avqustunda Qyonqcu şəhərində keçiriləcək beynəlxalq yarışa dəvət edib, gələcəkdə qarşılıqlı səfərlərin tez-tez təşkil ediləcəyini və iş adamlarına səmərəli əməkdaşlıq üçün imkanlar yaradılacağını diqqətə çatdırıb.
Sonra Koreya Respublikasının nümayəndə heyəti rayonun Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış olub. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Qonaqlar 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası 2009-cu ilin yayında SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilati dəstəyi ilə fəaliyyətə başlayıb. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövrlərinə aid şəhərkənarı ərazilərdə arxeoloji tədqiqatlar aparılıb.
Qeyd edilib ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılıb. Arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri Qəbələdə qədim şəhərsalma və şəhər həyatının səviyyəsini təqdim etməyə imkan verir. Koreyalı qonaqlar Çuxur Qəbələ kəndindəki arxeoloji mərkəzin sərgi salonunda həmin nümunələrə baxış keçiriblər.
Qonaqlar koreyalı alimlərin Qəbələdə apardığı arxeoloji qazıntı prosesini və rayonun sosial-iqtisadi inkişafını əks etdirən videoçarxa baxıb, yerli musiqiçilərin ifasında muğam dinləyiblər.
Sonra isə “Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış olan nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.
Qonaqlar, həmçinin Qəbələ regional “ASAN xidmət” mərkəzi, “Gilan Qida Şəhərciyi”ndə çipsi istehsalı prosesi, Qəbələ limonad zavodu və meyvə şirələri istehsalı müəssisəsinin məhsulları, eləcə də Nohur gölü ətrafındakı turizm obyektləri, rayonda son illər inşa edilən müasir beşulduzlu otellərlə də tanış olublar.

Keçidlər