Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ müstəqilliyin 25 ili ərzində.

02 dekabr 2016 | 16:00

Qəbələnin müasir turizm, mədəniyyət və idman mərkəzi kimi formalaşmasında, regionda bənzəri olmayan zavod və fabriklərin sayına görə lider rayona çevrilməsində xalqımızın ulu öndəri Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz tarixi xidmətləri var. Məlumdur ki, 25 il öncə öz müstəqilliyini qazanan Azərbaycan dövləti həmin dövrdə bir sıra çətinliklərlə üz-üzə qalmışdı. Yalnız dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmlənib, ölkəmizin bütün bölgələrinin, o cümlədən Qəbələnin sosial-iqtisadi inkişafı üçün tədbirlər görülməyə başlanılıb. Məhz ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Qəbələ rayonu yenidən dirçəlməyə başlayıb və inkişaf dövrünə qədəm qoyub.
Qəbələdə turizmin, iqtisadiyyatın, təhsilin, sənayenin, kənd təsərrüfatının, mədəniyyətin, idmanın və digər sahələrin inkişafı üçün milyonlarla manat həcmində investisiyanın düzgün şəkildə sərf edilməsi rayonun sürətlə inkişafına səbəb olub. Hazırda respublikanın ən inkişaf etmiş rayonları sırasında olan Qəbələ dünyanın da diqqət mərkəzindədir. Hər il yüzlərlə əcnəbi qonaq Qəbələdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edir, turist kimi turizm mərkəzlərində istirahət edir. Bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən Qəbələdə yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturları rayonun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyi və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Həmçinin, Qəbələ bir çox ölkələrin məşhur turizm şəhərləri ilə qardaşlaşaraq müxtəlif sahələr üzrə sıx əməkdaşlıq edir.
Dahi şəxsiyyət Heydər Əliyevin 2002-ci ildə, onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin 2005, 2007, 2008, 2010, 2011, 2012, 2013, 2014 və 2016 -ci illərdə ümumilikdə 12 dəfə Qəbələyə tarixi səfəri rayonun hərtərəfli yüksəlişinə şərait yaradıb. Qəbələ rayonu Azərbaycanın sosial-iqtisadi həyatında böyük rola malik olduğu üçün bu gün dövlətin daim diqqət mərkəzindədir. 1993-cü ildən bəri Qəbələ rayonu sözün həqiqi mənasında özünün yeni inkişaf dövrünü yaşayıb. Bu inkişaf daha çox 2002-ci ildə ulu öndər Heydər Əliyevin Qəbələyə səfərindən sonra başlayıb. Dövlət başçısının Qəbələyə həmin tarixi səfəri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında dərin izlər qoyub, yerli sakinlərin yaddaşına unudulmaz əlamətdar hadisə kimi həkk olunub.
Dahi şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin Qəbələyə səfərlərinin yaratdığı xoş təəssüratı rayon sakinləri hələ də yaşayırlar. Qəbələ rayonu ötən 25 il ərzində bir çox uğurlara imza atıb. Əgər bu gün rayonun əsas sosial-iqtisadi göstəricilərinə nəzər salsaq ötən illərdəki uğurların hansı səviyyədə olduğunu görərik. Belə ki, cari ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 116.648 min manatlıq məhsul istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 1.928 min manat, yaxud 12,7 faiz, kənd təsərrüfatında 155 min manat, yaxud 0,3 faiz, nəqliyyatda 41 min manat, yaxud 1,5 faiz, rabitədə 64 min manat, yaxud 7,7 faiz, ticarətdə 150 min manat, yaxud 0,6 faiz artıb. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 21.599 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 20.660 min manat təşkil edib.
Müstəqillik illərində Qəbələ rayonunda analoqu olmayan infrasturktur layihələri icra edilib, əhalinin məşğulluğunun təmin edilməsi üçün böyük tədbirlər görülüb. Belə ki, rayonda “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Qəbələ Beynəlxalq Hava Limanı, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası yerli təşkilatı üçün inzibati bina, “Qəbələ Park bulvar” kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, “Beltmann” piano fabriki, Qəbələ Konserv zavodu, “Gilan” Qida Şəhərciyi, rayonun Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin ərazisində aparılan arxeoloji qazıntıların nəticələrinin sərgilənməsi üçün Qəbələ Arxeoloji Mərkəzi, iki ədəd iri heyvandarlıq-südçülük kompleksi, meyvə-tərəvəz məhsullarının saxlanılması üçün  iki soyuducu anbar, üzüm emalı zavodu, fındıq emalı zavodu, süd emalı zavodu, lift istehsalı müəssisəsi, şərab zavodu, Qəbələ şəhər məsçidi inşa edilib, Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsi, Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilib.
Bundan əlavə Dəmiraparan, Mirzəbəyli, Qaraçay, Durca çayları üzərində dəmir-beton körpülər, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu, Mirzəbəyli-Çuxur-Qəbələ-Dizaxlı-Çarxana, eləcə də Qəbələ-Küsnət-Laza, Qəbələ-Ağdaş, Qəbələ-Nic avtomobil yolu, “ASAN Xidmət”in inzibati binası, Qəbələ Müalicə-Diaqnostika Mərkəzi, Qəbələ Olimiya İdman Kompleksi, Qəbələ Mədəniyyət Mərkəzi, Qəbələ rayon Polis Şöbəsi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, məcburi köçkünər üçün yaşayış binaları, FHN-nin Şimal-Qərb Regional Mərkəzi, Daxili İşlər Nazirliyinin daxili qoşunlar və FHN-nin mülki müdafiə qoşunları üçün hərbi hissələr, “Laza” sərhəd zastavası kompleksi, avtovağzal binası, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi tikilərək istifadəyə verilib. Ötən 25 il ərzində 6780 şagird yerlik 30, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2024 şagird yerlik 9 məktəb binası inşa olunub, 2908 şagird yerlik 5 məktəb binası əsaslı təmir edilib. Bundan əlavə 30-dan çox kəndə təbii qaz xətti çəkilib, kəndlərin hamısında yeni elektron ATS-lər quraşdırılaraq əhali yüksək keyfiyyətli rabitə və internetlə təmin edilib, kənd yollarına asfalt döşənib, kəndlərdə 10-a yaxın yeni artezian quyuları qazılıb, iki  böyük elektrik yarımstansiyası tikilib, yeni transformatorlar quraşdırılıb, elektrik dirəkləri və naqillər dəyişdirilib, tibb məntəqələri təmir edilib. Qəbələdə taxılçılığın, üzümçülüyün, heyvandarlığın, meyvəçiliyin inkişafı üçün görülən tədbirlər ildən-ilə genişləndirilir və uğurlu nəticələr əldə edilir.
Bununla yanaşı ötən dövr ərzində Qəbələ şəhərinin küçələri müasir üslubda yenidən qurulub, şəhərə xüsusi gözəllik verən müasir görkəmli hasarlar inşa edilib, yollar asfaltlanıb, küçələrin işıqlandırma sistemi müasirləşdirilib, Heydər Əliyev parkı və Zərifə Əliyeva parkı əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Şəhərdəki bütün beşmərtəbəli yaşayış binalarının fasadı, dam örtüyü, giriş hissəsi müasir üslubda yenidən qurulub, binaların həyətində abadlıq işləri aparılıb. Hazırda isə Qəbələ Futbol Akademiyası və Stadionlar Kompleksində, “Aquapark” İstirahət Kompleksi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasında, “Qrand City” hotelinin binasında, Savalan kəndindəki “Raftinq Mərkəzi”ndə, Gömrük Akademiyasının, rayon məhkəməsinin və prokurorluğunun inzibati binalarında, Nohur gölü ərazisindəki sanatoriya kompleksində, atçılıq mərkəzində, peşə liseyinin yeni binasında, kənd təsərrüfatı idarəsinin inzibati binasında, Qəbələ şəhərindəki “Qolf” kompeksində, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsində işlər davam etdirilir.
Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının əsas müddəalarının uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yaradıb. Bu dövlət proqramlarının uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, işsizlərin sayı minimuma enib. Qəbələnin turizm obyektləri hər il nüfuzlu sərgilərə, beynəlxalq səviyyəli ixtisaslaşdırılmış yarmarkalara qatılır və dünya bazarında öz məhsullarını nümayiş etdirir.
Ümummilli liderimiz Heydər Əliyev hələ 2002-ci ildə Qəbələdə səfərdə olarkən bu diyarın gözəlliyinə məftun olduğunu bildirmiş və Qəbələ gecələrini İsveçrə gecələrinə bənzətmişdi. Həmin vaxtdan da Qəbələnin çiçəklənməsinin bünövrəsi qoyulub. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin də iqtisadiyyatı sürətlə inkişaf edir. Belə vüsətli inkişaf və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır. Bu gün Qəbələ rayonunda eyni vaxtda 2500-dən çox qonağı yüksək səviyyədə qəbul etmək imkanına malik olan 20 ədəd 5, 4 və 3 ulduzlu otel mövcuddur. Rayonda təbiət qoynunda rahat şəkildə ailəvi istirahət etmək üçün, həmçinin kiçik otellər, bir neçə istirahət və əyləncə mərkəzi, turist bazaları da fəaliyyət göstərir. Bölgənin füsunkar təbiəti, təbii resursları, insan potensialı və qonaqpərvərliyi, yüksək səviyyədə xidmət də Qəbələni gözəl bir turizm məkanına çevirib.
Qəbələnin son illər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Ənənəvi Qəbələ beynəlxalq musiqi festivalının sorağı bu gün dünyanın hər yerinə yayılıb. Rayonda beynəlxalq hava limanın fəaliyyətə başlaması turizmin inkişafına xeyli təkan verib. Hər il Qəbələ rayonunda yay turizm mövsümünə rəsmən iyunun 15-də start verilir və turistlərin bu diyara intensiv axını müşahidə olunur. Qəbələdə yay turizmi ilə yanaşı qış turizmi də inkişaf etdirilib, müasir maddi-texniki baza və turizm infrastukturu yaradılıb ki, bu da hər ilə qış fəsinlə rayona minlərlə yerli və xarici turistin gəlişinə səbəb olur.
Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir ki bunların hamısı dövlət müstəqilliyimizin 25 ili ərzində fəaliyyətə başlayıb. Son 8 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 18-ə çatıb. “Qafqaz” brendi altında fəaliyyət göstərən beşulduzlu otellər, o cümlədən “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray”, “Qafqaz Tufandağ”, “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksi, “Qafqaz Yeddi Gözəl”, Qafqaz Sahil”, “Qafqaz Qabala City” otelləri xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır. “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”, “Qəbələ” otel və istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və bu məkanlarda qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, turistlər “Qəbələnd” istirahət və əyləncə mərkəzinin xidmətlərindən də bəhrələnirlər.
Hazırda Qəbələ ərazisində inşa edilən “Aquapark” istirahət və əyləncə və “Golf Resort” idman və istirahət mərkəzləri, eləcə də iki müasir otelin tikintisinin davam etdirilməsi gələcəkdə bu rayona daha çox turistin cəlb olunmasına xidmət edəcəkdir. Çoxsaylı otellər, “Tufandağ” Qış-Yay Turizm istirahət Kompleksi, süni buz meydançaları, xizəkçilik mərkəzi, dağlara çəkilmiş kanat yolları, “Beltmann” piano fabriki, Stend və Ox Atıcılığı Kompleksi, Atçılıq Mərkəzi, “Qəbələ” İdman Klubunun Uşaq Futbol Akademiyası, stadionlar kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Qəbələ Mədəniyyət Mərkəzi bölgənin mədəniyyət, turizm, idman infrastrukturunda mühüm yer tutur. Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 80 min 200 nəfər olub. Bu il isə rayona gələn turistlərin daha çox olacağı gözlənilir. Bütün bunların nəticəsidir ki, bu gün qədim və müasir Qəbələ özünün inkişaf dövrünü yaşayır, dünyanın əsas turizm mərkəzlərindən birinə çevrilir.
 

Keçidlər