Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ Üzüm emalı zavodu

Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayonun Qaradeyn kəndi ərazisində "Aspi-Aqro" MMC-nin "Aspi Winery" üzüm emalı zavodunun  fəaliyyətə başlaması həmin  tədbirlərin davamlılığından xəbər verir. Zavodun təsisçisi olan "Aspi Agro" MMC-nin əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir. "Aspi-Aqro" MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın "VİVA Cooperative Rausedo" VCR və Fransanın "Gontard Freres" şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salmışdır. Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilmişdir. Seçilmiş növlər üzrə yüksək keyfiyyətli üzüm tingləri gətirilmiş və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilmişdir. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. "Aspi Winery" üzüm emalı müəssisəsinin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ (“Chardonnary” ,”Viognier”, ”Syrah”, “Cabernet-Merlot”, “Limited- Release”, “Merlo-Desert”, “Reasling”)  məhsul istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır. Zavodda  bütün məhsullar  yüksək ixtisaslı  xarici mütəxəssislərin  rəhbərliyi ilə istehsal olunur və yoxlanılır. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları Rusiyaya ixrac olunur. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi də planlaşdırılır. Müəssiosənin anbarıda minimum silkələnmə, ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur. Məhsullar Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli palıd çəlləklərdə və çənlərdə saxlanılır. Məhsulun belə çəlləklərdə saxlanması bərk zərrəciklərin çəlləyin dibinə çökməsinə səbəb olur ki, onları da oradan təmizləmək asanlaşır. Bundan əlavə, palıd çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə qadir xüsusi ətir verir. Zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılmışdır. İstehsal olunan məhsullar İngiltərədən alınan və  MDB məkanında yalnız bu müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlər iki həftədən çox vaxt aparır. Zavoda məxsus 340 hektar üzüm sahəsində İtaliyadan gətirilən 22 şərab sortu, 14 süfrə sortu üzümləri əkilmişdir. Həmin sahədə 200 nəfər mövsümi işlə təmin edilmişdir.

 

Keçidlər