Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq konqres keçirilmişdir.

21 may 2015 | 15:00

Mayın 20-də Qəbələ Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının və Azərbaycan ərazilərinin Ermənistanın silahlı təcavüzü nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqres öz işinə başlamışdır. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə, sonra isə Qarabağ döyüşlərində həlak olan qəbələlilərin xatirəsinə ucaldılmış memorial kompleksə gül dəstələri düzmüşlər.  “Qafqaz Riverside” Otelinin konfrans zalında davam edən beynəlxalq tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov tədbirdə çıxış edərək qonaqları salamlamış, konqresin işinə uğurlar arzulamışdır. Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan, Gürcüstan, Moldova və Belarus respublikalarının nümayəndələrinin qatıldığı beynəlxalq konqresdə Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı, dəyəri trilyon dollarlarla ölçülən itkilər və tələfatların miqyası haqqında məlumat vermişdir. Çıxış edənlər işğal altındakı ərazilərdə mövcud infrastrukturun məhv olması, faydalı qazıntılar, meşələr, xüsusi mühafizə olunan təbiət əraziləri və tarixi abidələr kimi çoxçeşidli təbii sərvətlərimizin amansızlıqla talan edilməsi, fauna və floranın azalması, Metsamor AES-in istifadəyə yararlılıq müddətinin bitməsi ilə əlaqədar ətraf mühitə ağır ekoloji təsirlər və digər bu kimi faktları diqqətə çatdırmışlar. Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının baş direktoru Nikolay Trifonov növbəti ildə bu qruma rəhbərliyin Azərbaycan tərəfinə keçəcəyi barədə məlumat vermişdir. Daha sonra müxtəlif ölkələrdən olan ekspertlər beynəlxalq səviyyəli münaqişələrin çoxalmasını və bunlara dünya birliyi tərəfindən ikili yanaşmaların mövcud olduğunu bildirmişlər. Konqresin gedişində təmsilçilər  Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının qiymətləndiriciləri tərəfindən hazırlanan “standart” layihəsinin təsdiq edilməli olduğu barədə dəyərli fikirlər söyləmişlər. Natiqlər “standart” layihəsinin təsdiq edilməsinin ölkəmizin öz haqqını beynəlxalq səviyyədə tələb etməyə hüquqi imkan verəcəyini bildirmışlər.

Keçidlər