Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ rayonunun yüz mininci sakini dünyaya gəlmişdir.

15 fevral 2014 | 09:00

Mirzəbəyli kəndinin sakinləri  Samid və Seyran Kərimovların ailələrində ikinci övlad dünyaya gəlmişdir. Lakin gənc ailə yeni doğulan körpənin rayonun yüz mininci sakini olduğunu bilmirdi.
Bu xoş xəbəri ailəyə rayon statistika idarəsi çatdırmışdır. Fevralın 14-də Qəbələ Rayon İcra Hakimiyyətinin, əlaqədar idarə və təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri rayonun mərkəzi xəstəxanasına gəlmiş Kərimovların sevincinə qoşulmuşlar. Yüz mininci  sakininin anası özünü xoşbəxt hesab etdiyini və bu şərəfin onun övladına nəsib olması ilə qürur duyduğunu bildirmiş, xəstəxanada müayinə və müalicə olunanlara çox böyük diqqət və qayğı göstərildiyini qeyd etmişdir. Xalqa göstərilən diqqət və qayğının başında ölkə Prezidenti cənab İlham Əliyevin  durduğunu  vurğulayan Seyran xanım rayonun yüz mininci sakini olan övladının adını möhtərəm Prezidentin şərəfinə İlham qoyduqlarını demişdir.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qırmızı Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova gənc ananı təbrik edərək ona gül dəstəsi və xatirə hədiyyələri təqdim etmişlər.
Rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin müdiri Telli Babayeva rayonumuzun yüz mininci sakininin sağlam doğulduğunu,  körpənin çəkisinin  və boyunun normaya uyğun olduğunu bildirmişdir.

Keçidlər