Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub

01 avqust 2021 | 15:00

XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi “Qafqaz Resort” otelində açıq səhnədə olub. Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev deyib: - Builki festival mahiyyət etibarilə bir qədər fərqli, eyni zamanda, tarixi bir hadisəyə təsadüf edir. Belə ki, Bakı Musiqi Akademiyasının 100 illik yubileyini məhz bu il qeyd edirik. Bakı Musiqi Akademiyası sıradan bir ali təhsil müəssisəsi deyil, özünün 100 illik fəaliyyəti dövründə Azərbaycanın və dünyanın bir sıra aparıcı musiqiçilərini, sənət adamlarını yetişdirib. Eyni zamanda, düşünürəm ki, Bakı Musiqi Akademiyası hər bir azərbaycanlının dəyər sistemində, kimliyində çox önəmli və vacib bir yer tutan ali təhsil müəssisəsidir. Bu, iki mənada önəmlidir. Birincisi, məhz bu təhsil, elm, musiqi ocağı Azərbaycan musiqisinin sistemləşdirilmiş və nəsildən-nəslə keçəcək bir irs formalaşdırılmasında xüsusi əhəmiyyəti olan bir təhsil müəssisəsidir. Eyni zamanda, bu təhsil ocağı dünya musiqisinə və dünya mədəniyyətinə Azərbaycanın inteqrasiya olunması baxımından da özünəməxsus bir ali təhsil müəssisəsidir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın əlamətdar hadisəyə - Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunduğunu vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Musiqi Festivalına uğurlar arzulayıb. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib. Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər