Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Heydər Əliyev muzeyi

QƏBƏLƏDƏ HEYDƏR ƏLİYEV MUZEYİNİN
AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVİN NİTQİ
 
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev 2007-ci il martın 2-də Qəbələ rayonuna gəlmişdir.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük hörmət və ehtiramla, gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, xalqımızın ümummilli liderinin müdrik kəlamları yazılmış transparantlar var idi.

 Prezidenti əvvəlcə Qəbələdə Heydər Əliyev muzeyinin təntənəli açılış mərasimində iştirak etdi.

 Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl bir gündür, ulu öndər Heydər Əliyevin muzeyi açılır. Muzeyin çox gözəl ekspozisiyası var. Ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Eyni zamanda, bu, memarlıq baxımından da çox gözəl binadır və Qəbələ şəhərinə əlavə yaraşıq verəcəkdir.

Bu gün muzeydə nümayiş etdirilən fotoşəkillər və sənədlərlə tanış olarkən bir daha görürük ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının inkişafında, Azərbaycan Respublikasının möhkəmlənməsində çox böyük rolu olmuşdur. 1970-ci illərdə Azərbaycanı çox yüksək inkişaf səviyyəsinə gətirib çıxarmışdır. 1969-cu ildə rəhbərliyə gəldiyi zaman Azərbaycan Sovet İttifaqında ən geridə qalmış respublika idi. 1982-ci ildən isə ən qabaqcıl respublikaya çevrilmişdir.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi o ağır vəziyyət, o böhranlı günlər, faktik olaraq, ölkəmizi həm iqtisadi, həm də siyasi cəhətdən çox çətin vəziyyətə salmışdır. Bizim müstəqilliyimiz, faktik olaraq, şübhə altında idi. Yalnız Azərbaycan xalqının tələbi və xahişi ilə 1993-cü ildə Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra bütün xoşagəlməz meyillərin qarşısı alındı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Əgər o vaxt bütün yenicə müstəqilliyini əldə etmiş respublikalar arasında yenə də Azərbaycan ən ağır vəziyyətdə idisə, bu gün Azərbaycan ən sürətlə inkişaf edən ölkədir. Budur, tarixdə liderlərin rolu və onların fəaliyyəti!

Bu gün biz inamla inkişaf edirik. Bunu biz Qəbələ rayonunun timsalında da görürük. Deyə bilərəm ki, Qəbələ rayonunun sürətli inkişafı ulu öndər Heydər Əliyevin 2002-ci ildə Qəbələyə gəlişindən sonra başlanmışdır. O, burada vəziyyətlə tanış olmuş, öz göstərişlərini vermiş və inkişaf proqramlarını müəyyən etmişdi. Bu gün də bu proqramlar uğurla icra edilir. Siz də bunu yaxşı bilirsiniz ki, qısa müddət ərzində Qəbələnin, demək olar, siması dəyişdi. Yollar, xiyabanlar, parklar salındı, yeni binalar, sənaye müəssisələri tikilir. Bu gün böyük konserv zavodunun açılışında olacağam, ondan sonra digər sənaye obyektlərinin tikintisi ilə tanış olacağam.

Qəbələnin iqtisadi potensialı artır, yeni iş yerləri açılır, sənaye müəssisələri ilə yanaşı, sosial infrastruktura da böyük diqqət göstərilir. Bildiyiniz kimi, Qəbələdə yeni müasir müalicə və diaqnostika mərkəzinin tikintisinə də başlamışıq və ümid edirəm ki, yaxın zamanlarda bu gözəl xəstəxana istifadəyə veriləcəkdir.

Qəbələdə mehmanxanalar tikilir, buranın çox gözəl təbiəti var. Turizm üçün çox gözəl yerlər var. Turizmin inkişafı, infrastrukturun inkişafı, sosial məsələlərin həlli, məktəb tikintisi - bütün bunlar Qəbələ rayonunun inkişafında çox mühüm rol oynayan amillərdir. Rayonun potensialı ildən-ilə möhkəmlənir və mən bu gün deyə bilərəm ki, Qəbələ rayonu Azərbaycanın ən sürətlə inkişaf edən rayonları sırasındadır. Bu uğurlar münasibətilə mən sizin hamınızı təbrik edirəm.

Bütövlükdə, bu bölgənin inkişafı çox sürətlə gedir. Bildiyiniz kimi, mən bölgələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. O cümlədən bu bölgədə də dəfələrlə olmuşam. Son zamanlar bölgənin iqtisadi potensialının möhkəmləndirilməsi üçün böyük işlər görülübdür. Enerji təchizatı sistemi müasirləşir. Şəkidə istifadəyə verilmiş yeni elektrik stansiyası bütün bu bölgəni elektrik enerjisi ilə təmin edəcəkdir. Artıq biz çoxlu elektrik stansiyalarının tikintisi ilə enerji potensialını gücləndiririk. Çünki buna böyük tələbat var, böyük ehtiyac var.

Ölkəmizin əhalisi artır. Bu da çox müsbət haldır və çox gözəl göstəricidir. Biz bilirik ki, inkişaf etmiş ölkələrdə, onların tam əksəriyyətində əhali artımı müşahidə olunmur. Bəzi ölkələrdə əksinə, ildən-ilə əhali azalır. Azərbaycanda isə bu artım çox sürətlə gedir və bu bizi çox sevindirir. Bizim əhalimiz indi 8 milyon 500 min nəfərə çatıbdır və getdikcə artır. Eyni zamanda, bu onu göstərir ki, ölkədə sosial və iqtisadi vəziyyət yaxşılaşır. Belə olan halda təbii ki, insanların yaşaması üçün daha da yaxşı şərait yaradılacaqdır.

Digər tərəfdən, Azərbaycanda həyata keçirilən geniş quruculuq-abadlıq, yenidənqurma işləri, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası, əlbəttə ki, yeni müəssisələrin yaranmasına gətirib çıxarır. Bütün yeni yaranan müəssisələr, təbii ki, enerji ilə qidalanır. Ona görə əminəm ki, elektrik stansiyalarının tikintisi qısa müddət ərzində Azərbaycanı elektrik enerjisi ilə tam şəkildə təmin edəcəkdir. Bununla bərabər, elektrik xətlərinin yeniləşməsinə də böyük fikir veririk və əlbəttə ki, bu sahəni də biz diqqətdə saxlayacağıq.

Bölgədə sənaye müəssisələrinin yaranması da çox sürətlə gedir. Dünən mən Şamaxı və Oğuz rayonlarında idim. Hər iki rayonda çoxlu tədbirlər görülür, çoxlu yeniliklər var. Şamaxıda yeni xəstəxananın tikintisinə başlamışıq, orada böyük sənaye kompleksi tikilibdir. Şamaxıda istehsal olunan sənaye malları artıq başqa ölkələrə, o cümlədən Avropa ölkələrinə ixrac edilir. Oğuzda yeni mehmanxana, yeni xəstəxana tikilir, digər gözəl obyektlər tikilir, rayon mərkəzi abadlaşır. Yəni bütün bunlar göstərir ki, ölkəmizin hər bir yerində gözəl dinamika var. Bölgələrə tez-tez səfər etdiyimə görə, deyə bilərəm ki, hər bir yerdə biz bunu görürük. Çünki indi bizim imkanlarımız artır. Bu imkanların artımı da, ilk növbədə, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir və Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və ictimai-siyasi asayişin hesabına mümkün olmuşdur. Əgər biz başqa ölkələrin tarixinə nəzər salsaq görərik ki, ancaq və ancaq siyasi sabitlik olan yerlərdə inkişafa da imkan yaranır. Azərbaycanda bu iki mühüm amil var. Eyni zamanda, iqtidarın güclü iradəsi var, xalqın iqtidara dəstəyi var. Əlbəttə ki, bütün bu amillər qısa müddət ərzində ölkəmizi çox sürətlə inkişaf etdirir.

Haraya baxsaq görərik ki, o sahədə inkişaf var. Neft kəmərləri tikilibdir və oradan əldə olunan gəlirlərlə biz dünən Oğuzda böyük su kəmərinin tikintisinə başlamışıq. Bu, çox böyük sosial məsələdir. Ölkə əhalisini içməli su ilə, elektrik enerjisi, qazla, tibbi xidmətlə, müasir şəraitlə təmin etmək - budur, bizim əsas məqsədlərimiz. Bunu etmək üçün mütləq maddi imkanlar lazımdır. Onlar olmasa heç bir məsələ öz həllini tapa bilməz. Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində nə qədər çətinliklər var idi. Deyə bilərəm ki, o vaxt biz təkbaşına qalmışdıq, heç kim bizə kömək etmirdi. Biz gördük ki, gərək ölkəmizi ancaq və ancaq özümüz gücləndirək, özümüz işləməliyik ki, xalqımızı yaxşı səviyyəyə gətirib çıxaraq və ölkəmizi gücləndirək. Bu gün biz çox böyük iftixar hissi ilə deyə bilərik ki, buna nail ola bilmişik!

Bizim ən böyük layihələrimiz artıq həyata keçirilir. Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə başlamışdır və bunun nəticəsində ölkəyə böyük valyuta axını var. Bu, bizə imkan verir ki, büdcəmizi artıraq. Son 3-4 il ərzində büdcəmiz 4-5 dəfə artmışdır. Bu, heç bir başqa ölkədə, dünya tarixində görünməmiş bir hadisədir. İqtisadi artım Azərbaycanda ən yüksək dinamika ilə ölçülür. İqtisadiyyatımız 2005-ci ildə 26 faiz, 2006-cı ildə 34 faiz və 2007-ci ilin yanvar ayında təxminən 50 faiz artıbdır. Nəzərə alsaq ki, dünyada orta hesabla iqtisadi artım təxminən 6 faiz təşkil edir, onda bunun bizə nə dərəcədə əlavə imkanlar yaradacağını görərik. Əsas məqsəd bütün bu imkanları səfərbər edib, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəltməkdir. Ona görə aparılan iqtisadi islahatlar bizim üçün çox vacibdir.

İqtisadi artım, əlbəttə ki, hər bir ölkənin iqtisadi dinamikasını müəyyən edir. Amma deyə bilərəm ki, bundan az əhəmiyyət daşımayan bir məsələ, məni daha da çox sevindirir. Bu da ondan ibarətdir ki, son 3 il ərzində Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə aşağı düşübdür. Əgər 2003-cü ildə Azərbaycanda əhalinin 49 faizi yoxsulluq şəraitində yaşayırdısa, 2006-cı ilin yekunlarına görə, 20 faizə düşübdür. Yenə də çoxdur və bu, məni incidir. Nə üçün Azərbaycan əhalisinin 20 faizi yoxsulluq şəraitində yaşasın? Ancaq dinamika onu göstərir ki, biz bu yoxsulluğu aradan qaldıracağıq. Mən qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsulluq tam şəkildə aradan qaldırılmalıdır, insanlar işlə təmin edilməlidir və beləliklə, Azərbaycanda kasıb adam olmamalıdır. İşləmək istəyən insanlar işlə təmin olunmalıdır, xüsusilə də bölgələrdə. Yadınızdadır, mən Prezident vəzifəsinə seçiləndən bir neçə ay sonra, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramını qəbul etdim. Çox geniş bir proqramdır və orada bütün məsələlər, eyni zamanda, maliyyə məsələləri öz əksini tapmışdır. Bir var ki, xoş niyyətin olsun, yəni gözəl şüarın olsun, amma bunu icra etmək üçün mexanizm olmasın. Amma bizdə həm bu niyyət var, həm də icra mexanizmləri. Üç il ərzində ölkəmizdə 520 min yeni iş yeri açılıbdır. Bu 520 min iş yerinin açılması yeni müəssisələr deməkdir, yeni imkanlar deməkdir, maaşların artırılması deməkdir. Dövlət öz tərəfindən bunu edir.

Digər tərəfdən, sahibkarlığın inkişafı üçün vəsait ayırır. Hər il dövlət büdcəsindən sahibkarlara, xüsusilə kiçik və orta sahibkarlara 100 milyon dollar səviyyəsində güzəştli kreditlər verilir. Bu kreditlərin hesabına çoxlu işlər görülür və bölgələrdə işlərin əksəriyyəti o kreditlərin hesabına görülür. Dövlət İnvestisiya Şirkəti yaradılıbdır, onun da kapitalı 100 milyon dollardır. O da Azərbaycanda bizim üçün lazım olan investisiya layihələrini həyata keçirəcəkdir. Çünki biz əvvəllər daha çox xarici sərmayədən asılı idik və indi isə imkanlarımız artır, özümüz müəyyən etməliyik ki, hansı sahəyə investisiyalar qoymalıyıq. Xarici investor onu maraqlandıran sahələrə investisiyalar qoyur. Bu da təbiidir. Amma elə sahələr var ki, bizim üçün vacibdir, lakin ora investisiya tapa bilmirik. Ona görə Dövlət İnvestisiya Şirkəti vasitəsilə Azərbaycan hökuməti özü müəyyən edəcək ki, biz bu investisiyaları hansı rayona, hansı sahəyə, hansı sənaye sahəsinin inkişafına yönəldək.

Üçüncü tərəfdən, kənd təsərrüfatının inkişafı üçün “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılıbdır və onun xətti ilə artıq üçüncü ildir ki, çoxlu kənd təsərrüfatı texnikası gətirilir, icarəyə verilir. Bu il enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə əlaqədar kəndlilərə 80 milyon manat məbləğində subsidiya veriləcəkdir. O subsidiya gübrənin, eyni zamanda, yanacağın alınmasına yönəldiləcəkdir. Yəni dövlət öz tərəfindən çalışır bütün imkanları yaratsın ki, insanlar yaxşı yaşasınlar.

Amma o da var ki, biz bu gün bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bazar iqtisadiyyatı bizim üçün təzə, müasir bir yoldur. Tarix də, inkişaf etmiş ölkələrin təcrübəsi də onu göstərir ki, başqa yol yoxdur. Bəzi hallarda bu yolda, xüsusilə iqtisadi islahatlar aparılarkən, insanların həyat səviyyəsi aşağı düşür. Biz bunu başqa ölkələrin timsalında görmüşük. Hətta Sovet İttifaqının dağılması da məhz elə onun nəticəsi idi ki, islahatlar düşünülməmiş, sosial məsələlər həll olunmadan aparılmışdır.

Bizdə isə həm bazar iqtisadiyyatı inkişaf edir, həm də sosial məsələlər həll olunur. Minimum əmək haqqı ildə iki dəfə artırılır, büdcədən maliyyələşən təşkilatlarda insanların əmək haqları mütəmadi qaydada artırılır. Eyni zamanda, güclü iqtisadi islahatlar aparılır və bölgələrin inkişafına diqqət yetirilir: sosial sahə, infrastruktur, yollar, su kəmərləri, qaz kəmərləri, elektrik xətləri, elektrik stansiyaları, körpülər və abadlıq işləri. Əgər biz bütün bu istiqamətlərdə, indiki kimi uğurla inkişaf etsək, qısa müddət ərzində Azərbaycanda əsaslı, yəni insanları narahat edən problemlər qalmayacaqdır. Mənim də məqsədim bundan ibarətdir ki, hər kəs üçün gözəl şərait yaradılsın. Büdcə təşkilatlarında işləyənlərin yaxşı maaşı olmalıdır ki, onlar yaxşı yaşasınlar. Özəl sektorda işləyənlərin də imkanı olmalıdır ki, yaxşı dolansınlar. Bütün sosial infrastruktur yeniləşməlidir. Məktəb tikintisi, xəstəxanaların tikintisi, insanların gündəlik təmasda olduqları bütün sahələrə biz gərək yenilikləri gətirək və ölkəmizi müasirləşdirək. Tarixi, milli dəyərlərə söykənərək, ölkəmizi irəliyə aparmalıyıq, müasirləşdirməliyik, dünya iqtisadiyyatına inteqrasiya etməliyik.

Biz artıq bölgədə lider ölkəyə çevrilmişik. Bunu hamı etiraf edir. Bizim iştirakımız olmadan bölgədə istər enerji sahəsində, istərsə də nəqliyyat sahəsində heç bir layihə icra oluna bilməz. Əgər 1994-cü ildə biz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xarici şirkətlərlə neft müqaviləsi imzalamasaydıq, bunların heç biri mümkün olmayacaqdı. Ancaq biz bunları reallığa çevirdik. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan xalqının uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcəkdir. Ondan sonrakı layihələr, dəmir yolunun tikintisi çox böyük tarixi hadisədir. Biz Türkiyəni Azərbaycanla birləşdirən, Orta Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən dəmir yolunun üzərində işləyirik. Uzun illərdir çalışırdıq ki, bu dəmir yolunun layihəsini ölü nöqtədən tərpədək. İmkan yox idi. Nəyə görə? Çünki heç kim buna vəsait qoymaq istəmirdi. Beynəlxalq banklara, beynəlxalq təşkilatlara müxtəlif maliyyə qurumlarına müraciət etmişdik, heç bir cavab yox idi. Nə vaxt biz bunu etdik? O vaxt ki, bizim özümüzün imkanı oldu. Azərbaycan dövləti üzərinə 200 milyon dollar həcmində maliyyə öhdəliyi götürdü. Biz artıq bir müddət bundan əvvəl o dəmir yolunun həyata keçirilməsinin təməlini qoyduq və bunu icra edəcəyik. Ölkə daxilində və ölkə xaricində Azərbaycanın milli maraqlarına uyğun nə varsa, biz onu edəcəyik. Regionda bizim rolumuz artdıqca, əlbəttə ki, imkanlarımız da artır. Bizim təsir imkanlarımız da artır və ölkədə proseslər daha da sürətlə gedəcəkdir: güclü iqtisadiyyat, güclü sosial siyasət, xarici siyasət və bölgələrin inkişafı. Bir daha demək istəyirəm ki, bu yeniliklər ki, var, yəni xəstəxana, məktəb tikntisi - biz bunları ən ucqar rayonlardan başlamışıq, yolların çəkilməsinə ən ucqar kəndlərdən başlamışıq. Nə üçün? Çünki orada yaşayan insanların buna ehtiyacı şəhərdə yaşayan insanlarla müqayisədə daha da çoxdur. Ona görə indi hansı rayona, hansı bölgəyə baxsan, orada olimpiya kompleksi, xəstəxana və məktəblər tikilir. Ölkəmiz beləcə inkişaf edəcək, gözəl binalar tikiləcəkdir. Mən indi görürəm ki, Qəbələ rayonunda da gözəl abadlıq işləri görülür, binalar, divarlar çox səliqə ilə rənglənir, çox gözəl quruculuq işləri aparılır.

Buranın gözəl təbiəti var. Bu təbiət, bu dağlar özlüyündə hər bir yerə yaraşıqdır. Əgər biz bunu müasir binalarla, müasir görkəmi olan memarlıq abidələri ilə tamamlasaq, daha da gözəl olacaqdır. Mən bunu istəyirəm və arzu edirəm və bu məramla da sizinlə görüşə gəlmişəm.

Əziz dostlar, mən sizə bir daha öz salamlarımı, hörmət və məhəbbətimi çatdırıram. Arzu edirəm ki, sizin həyatınızda, ailənizdə hər şey yaxşı olsun, sağlam olasınız və Azərbaycanın inkişafında, ölkəmizin möhkəmlənməsində biz birlikdə işləyək. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
 
 HEYDƏR ƏLİYEV MUZEYİ
 
 
Heydər Əliyev  muzeyi  2007-ci ildə yaradılmışdır. Sahəsi 812 kv2-dir. Əhatə etdiyi ərazi  0,50 hektardır.  Muzeydə  340 eksponat saxlanılır. Muzeyin 12 nəfər işçisi vardır.

 Qəbələ  rayon Heydər Əliyev muzeyinin   və “Heydər Əliyev İrsi”ni Araşdırma Mərkəzi, “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxana Qəbələ Regional Bürosu fəaliyyətə başladığı gündən  gördüyü işlərin hesabatı.

Qəbələ rayon Heydər  Əliyev muzeyi və “Heydər Əliyev İrsi”ni Araşdırma Mərkəzi, “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxana Qəbələ Regional Bürosu

02.03.2007-ci il tarixdən rəsmi fəaliyyət göstərir. Hörmətli prezident cənab İlham Əliyevin  Qəbələ rayonuna rəsmi səfəri Heydər Əliyev  muzeyinin  açılışı ilə başlamışdır. Muzeyin ilk seyrcisi prezident İlham Əliyev və onun  xanımı - Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmuşdur. Hər iki fəxri qonaq muzeyin daxili və xarici görünüşünü, quraşdırılma və dizaynını yüksək qiymətləndirmiş, “Fəxri qonaqlar kitabı”na öz ürək sözlərini yazmışlar.

Muzeyin 12 nəfər işçisi var.

Muzey işçiləri:

Muzeyin direktoru: İsayeva Xəyalə Rafiq qızı. Ali təhsilli

Baş fond mühafizi: Qasımova Kəmalə Ələsgər qızı. Ali təhsilli

Böyük elmi işçi: Abdurəhmanova Gültac Dursunəli qızı. Ali təhsilli

Kiçik elmi işçi: Hüseynova Sədaqət Kamal qızı. orta təhsilli

Bələdçi: Kazımova Günay Şahin qızı. orta təhsilli

Baxıcı: Qafarova Vüsalə Məhərrəm qızı. orta ixtisas təhsilli

Baxıcı: Kərimova Mahirə Səlim qızı. orta təhsilli

Texniki işçilər.

Təsərrüfat müdiri: Salmanova Sevda Bədir qızı. Ali təhsilli

2 nəfər xadimə, bağban və gözətçi.

Heydər Əliyev muzeyinin sahəsi 812 m2 ,ekspozisiya zalının sahəsi 335m2-dir.Ekspozisiya zalında və fondda ümumulikdə 400-ə yaxın eksponat cəmlənmişdir. Bir brifinq zalı,5 inzibati otaq və yardımçı otaqlar var. Otağın birində “Heydər Əliyev irsi”Araşdırma Mərkəzinin BEK-nın Qəbələ bürosu yerləşir.

“Heydər Əliyev İrsi”ni Araşdırma Mərkəzi və “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananın Qəbələ Regional haqqında

Qəbələ Bürosunun əsas fəaliyyət istiqaməti 2004-cü il mayın 10-dan 26 dildə fəaliyyətə başlayan,H.Əliyev fəaliyyətinin bütün sahələrini əks etdirən “Heydər Əliyev İrsi”ni Araşdırma Mərkəzi və Elektron Kitabxana ilə qəbələliləri və H.Əliyev muzeyinə gələn qonaqları tanış etmək və H.Əliyev irsini təbliğ etməkdir.

“Heydər Əliyev İrsi”ni Araşdırma Mərkəzi və “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxananın Qəbələ Regional bürosu

Rəhbəri: İlham Əhmədov
Təvəllüdü: 1981
Təhsili: Ali
İxtisası: Ümumi İqtisadiyyat
Əlaqə tel:055 663 06 47
 
Heydər Əliyev muzeyində Heydər Əliyev muzeyilə  Qəbələ Regional Bürosu birgə Qəbələ ictimayətinə İrsin təbliği mövzusunda bir cox tədbir və təlimlər keçirilmişdir.

Tədbirlər ənənəvi olaraq H.Əliyevin muzeydəki büstü önünə gül qoyma ilə başlayır.Qonaqlar muzeyin Ekspozisiya zalına baxış keçirdikdən sonra tədbir Brifinq zalında davam edir.Brifin zalında qonaqlara ilk olaraq muzey və BEK ,İrsi Araşdırma Mərkəzi haqqında ətraflı məlumat verilir və qonaqlara BEK –nın materiallarından hazırlanmış üzərində BEK-nın veb adresi olan büraşurlar təqdim olunur.

Muzeyin seyrciləri arasında yaş fərqi yoxdur. Bağça yaşlısı da var, təqaüdçüsü də.Rayona gələn xarici qonaq və turistlərin böyük əksəriyyəti  muzeyi ziyarət etmişdir. Onların arasında Türkiyə,Rusiya, Şotlandiya,Hollandiya, Koreya  və başqa dövlətlərin nümayəndələri var .  Türkiyənin  Azərbaycandakı səfiri H.Avni  Karslıoğlu, Şotlandiyalı jurnalist Fina Madaçi muzeyi çox bəyənmiş, muzey əməkdaşlarının işindən razı qaldıqlarını söyləmişdir.

 Fəaliyyətə başladığı müddətdə bütün dövlət bayramları, peşə bayramları, əlamətdar günlər muzeydə qeyd edilmişdir.Ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü və 85-ci ildönümləri münasibətilə silsilə tədbirlər keçirilmişdir. Həmin tədbirlərə yekun kimi “Heydər Əliyev irsi bəşəri xəzinədir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.Konfransa YAP Qəbələ rayon təşkilatı idarə aparatının işçiləri və partiya fəalları dəvət olunmuşdur.

Qəbələ rayon Mədəniyyət və Turizm şöbəsinin və bütün kənd klub işçilərinin, Qəbələ rayon Maliyyə İdarəsinin , 10 saylı Ərazi Vergilər İdarəsinin işçiləri ilə, Ağsaqqallar Şurası üzvləri ilə,Qəbələ rayon  Meşə Mühafizəsi və Bərpası İdarəsi,Uşaq Yaradıcılıq Mərkəzi, rayon Hərbi Komissarlığının əməkdaşları,”Qəbələ“qəzeti redaksiyasının əməkdaşları,Mərkəzi Xəstəxananın  işçiləri, TKQ, DƏDRX Qəbələ rayon ərazi idarəsi,”Nikoyl Bank” ın Qəbələ filialı,”Texnika Bank”ın Qəbələ filialı, ƏSMM və digər idarə və müəssisələrin kollektivləri  ilə birlikdə müxtəlif səpgili tədbirlər keçirilmişdir.

Muzeydə həmçinin şəhər və kənd orta məktəb müəllimləri və şagirdləri ilə də bir sıra tədbirlər keçirilmişdir.Bunlara misal olaraq şəhər məktəblərinin direktor,müəllim və şagird kollektivi ilə birlikdə “Qanlı 20 yanvar-Milli Qəhrəmanlıq günü”münasibətilə keçirilən tədbiri qeyd etmək olar.

26 fevral –Xocalı soyqırımının anım günü və 14 iyun “Milli Qurtuluş günü” RİH-lə birlikdə, 8 avqust – “Beynəlxalq Gənclər” günü münasibətilə rayon Gənclər və İdman idarəsilə birgə muzeydə ümumrayon tədbiri keçirmişdir.

Fəaliyətə başladığımız dövrdən indiyədək 10 000 - ə yaxın seyrciyə xidmət göstərilmişdir.