Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Qəbələ Rayon Polis şöbəsi

Dekabrın 30-da Qəbələ Rayon Polis Şöbəsi üçün tikilmiş inzibati binanın açılışı olmuşdur.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, Milli Məclisin deputatı   Fəttah Heydərov çıxış edərək ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində son illər paytaxtla yanaşı, regionların da sürətlə inkişaf etməsindən, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında polisin əvəzsiz rolundan danışmış, bayramlar ərəfəsində Azərbaycanda Naxçıvandan sonra Qəbələdə polislər üçün müasir standartlara cavab verən xidməti binanın tikilib istifadəyə verilməsini vurğulamışlar.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov çıxış edərək, ölkəmizin inkişafı, suverenliyin qorunması, sabitliyin, əmin-amanlığın təmin olunmasında yüksək əməyi olan polis əməkdaşları üçün qısa müddətdə belə bir binanın tikilib istifadəyə verilməsini Prezident İlham Əliyevin respublikada daxili işlər orqanlarının texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi böyük diqqətin nümunəsi kimi qiymətləndirmişdir.

Cinayətkarlığın sayına görə MDB ölkələri arasında sonuncu yerdə olan Azərbaycanda polisin dövlətə şərəflə, ləyaqətlə xidmət göstərdiyini və xalqla polis arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edən nazir, gələcəkdə digər rayonlarda da belə inzibati binaların tikiləcəyini bildirmişdir.

Ramil Usubov və Fəttah Heydərov binanın açılışını bildirən qırmızı lenti kəsmiş və polis əməkdaşlarına işlərində uğurlar arzulamışlar. Mərasim iştirakçıları 7 ay ərzində müasir standartlar səviyyəsində inşa edilmiş üçmərtəbəli bina ilə tanış olmuşlar. Burada xidməti iş otaqları ilə yanaşı, növbətçi hissə, silah, dəftərxana, arxiv otaqları, 50 nəfərlik akt zalı və müvəqqəti saxlama təcridxanası da istilik sistemi ilə təchiz olunmuşdur. Polis şöbəsinin ayrıca elektrik şəbəkəsi mövcuddur.

Qonaqlar ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət guşələrlə tanış olmuş, xatirə şəkli çəkdirmişlər.

Nazir brifinq keçirərək, jurnalistlərin suallarını cavablandırmışdır.